İran və Azərbaycan torpaqlarından birgə istifadə ediləcək

15 Mart 2019 14:48 (UTC+04:00)

Azərbaycan-İran Hökumətlərarası Komissiyasının XIII iclasında kənd təsərrüfatı sahəsində torpaqların müştərək istifadə olunması barədə razılıq əldə olunub. SİA xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında İranın iqtisadi işlər və maliyyə məsələləri üzrə naziri Fərhad Dejpəsənd deyib.

Nazir bildirib ki, ikitərəfli ticari, iqtisadi əlaqələrin genişləndirilməsində əsas məqamlardan biri müştərək şirkətlərin qurulmasıdır: "Bununla bağlı müəyyən razılıqlar əldə etmişik. Hazırda müştərək layihələrimiz icra olunmaqdadır. Bu layihələrin bəziləri maneələrlə üzləşib. Bunun aradan qaldırılması üçün lazımi qərarlar verilib. Həmin layihələrin icrası davam etdiriləcək. Eləcə də dəmiryolu xəttinin çəkilməsi, enerji sahəsində Xudafərin, Qız Qalası hidroqovşaqların təkmilləşdirilməsi məsələsi müzakirə olunub. Bunun üçün müəyyən qərarlar qəbul edilib".