"Dünyanın yeni xarici siyasəti Bakıda formalaşır" MÖVQE

15 Mart 2019 14:22 (UTC+04:00)

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu öz işinə dünəndən başlayıb. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. Martın 16-dək davam edəcək Forumun işində 55 ölkədən 500-dən çox nümayyəndə iştirak edir. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Forumda hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər, çoxsaylı analitiklər, jurnalistlər və gənc liderlər iştirak edirlər. Bu dünyada ildən-ilə Qlobal Bakı Forumuna marağın artdığına, eləcə də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gücləndiyinə bariz nümunədir". Bunu SİA-ya verdiyi açıqlamasında millət vəkili rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, artıq dünyanın mühüm beynəlxalq platformasına çevrilən Qlobal Bakı Forumu çərçivəsində forumun ümumi mövzusu olan “Dünyanın yeni xarici siyasəti” ətrafında “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağrışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzuları əhatə edən məsələlər müzakirə olunacaq: "Forumun əsas mövzusunun “Dünyanın yeni xarici siyasəti” müəyyən edilməsi təsadüfi deyil. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forumun açılış mərasimindəki nitqində qeyd etdiyi kimi “ Son forumdan bəri, xüsusilə ölkələr arasında münasibətlərdə, dünyada təhlükəsizlik proqnozlaşdırabilmə ilə bağlı məsələlərdə şox şey dəyişib”.

Bu Forumun və digər Beynəlxalq tədbirlərin Bakıda, Azərbaycanda keçirilməsi göstərir ki, Azərbaycan bütün dünyada yüksək nüfuza malik, multikulturalizmin dövlət siyasəti kimi həyata keçirildiyi, dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınan bir ölkədir və artıq Azərbaycan mühüm Beynəlxalq tədbirlərin keçirildiyi bir Platformaya çevrilmişdir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən hərtərəfli, düşünülmüş müdrik siyasətin nəticəsidir".