Müxalifətçilər Qərb səfirliklərindən şikayət edirlər BƏHANƏ

15 Mart 2019 14:15 (UTC+04:00)

Sərdar Cəlaloğlu: “Bizimlə maraqlanmırlar”

Zaman-zaman bəzi Qərb diplomatik nümayəndə və təşkilatlarının Azərbaycanın ənənəvi müxalifət düşərgəsi ilə təmaslarının olması kimsəyə sirr deyil. Belə ki, müxtəlif ictimai-siyasi proseslər zamanı AXCP, Müsavat, “Ümid”, KXCP, VİP, ADP və s. partiyaların səfirlik qapıları önündə növbəyə düzülmələri dəfələrlə öz təsdiqini tapıb. Söz yox ki, burada özlərini “hegemon” kimi təqdim edən bəzi dipkorpuslar maraqlarını təmin etmək üçün müxalifətçilərlə görüşlər keçirib, təlimatlarını veriblər. Lakin həmin təlimatlar, götürülən öhdəliklər heç vaxt yerinə yetirilməmiş qalıb. Artıq belə bir qənaətə də gəlmək olar ki, ABŞ və s. Qərb ölkələri səfirlikləri onların maraqlarını təmin etməyən müxalifətdən açıq-aşkar imtina etməyə başlayıblar.

İndi də müxalifətin Tramp bəhanəsi...

Misal üçün, bu günlərdə müxalifətyönlü saytlardan birinə açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu bəzi məsələlərə aydınlıq gətirib və bildirib ki, Amerika səfirliyi də uzun müddətdir “demokratik institutlarla”, yəni müxalifət düşərgəsindəki partiyalarla əlaqələrə o qədər maraq göstərmirlər. Belə ki, ənənəvi müxalifət partiyalarının illərlə bel bağladıqları, üz tutduğu ünvanlardan biri də məhz ABŞ-ın Azərbaycandakı səfirliyi olub. İndi isə səfirliyin qapıları onların üzlərinə birdəfəlik qapanıb. ADP sədri hətta ABŞ-ın bu addımını dolayı yolla qeyri-demokratik adlandırıb, üstəlik iddia edib ki, Amerika demokratiyaya diqqət göstərmir. O, xüsusilə, ABŞ-ın Tramp iqtidarını hədəfə alaraq, Amerikanın demokratiyaya maraq nümayiş etdirmədiyini deyib. SİTAT: “Azərbaycan müxalifətinin ABŞ səfirliyinə inamı Amerikanın demokratiyaya diqqət göstərdiyi dövrlərə aid idi... Müxalifət qüvvələrinin də Bakıdakı ABŞ səfirliyinə inamı var idi, əməkdaşlıq-dialoq mövcud idi. Ancaq Donald Tramp hakimiyyətə gəldikdən sonra ümumiyyətlə, Amerikanın demokratiya ilə bağlı, demokratik dəyərlərin müdafiəsi ilə bağlı siyasəti tamamilə dəyişib. Nəticədə Azərbaycanda da müxalifət düşərgəsi ilə Bakıdakı ABŞ səfirliyinin əvvəlki münasibətləri indi yoxdur. Heç Amerika səfirliyi də uzun müddətdir “demokratik institutlarla” əlaqələrə o qədər maraq göstərmir, demokratiya adına heç nə ilə maraqlanmırlar. Amerika faktiki olaraq demokratiya ilə maraqlanmır”.

ADP sədrinin iddia etdiyi “demokratik institutlar” heç də demokratik dəyərlərə cavab vermir

Maraqlı məqamlardan biri də budur ki, müxalifətin partiya sədrləri Qərbdən təlimat və dəstək ala bilməyəndə dərhal bütün günahları özlərində deyil, qarşı tərəfdə axtarırlar. Ancaq nədənsə, illərlə onları qanadları altında saxlayan ABŞ, Böyük Britaniya, Norveç və s. ölkə səfirliklərinin onları hansı səbəbdən rədd etdiklərini araşdırmırlar. Daha dəqiq desək, səfirliklərin niyə onlardan imtina etdiklərinin səbəblərini arayıb-axtarmırlar. Bu isə S.Cəlaloğlunun iddia etdiyi “demokrarik institutların” heç də demokratik dəyərlərə cavab verməməsi ilə əlaqələndirilə bilər. Çünki ABŞ və s. Qərb səfirlikləri onsuz da ənənəvi demokratiya siyasətlərini yürütməyə davam edirlər və elə də ciddi dəyişikliklər etməyiblər. Daha doğrusu, səfirliklər təmsil etdikləri ölkələrin siyasi baxışları elə illər öncəki kimidir.

Azərbaycan müxalifəti isə, ötən 25-26 ildə yerlərində saymaqda davam edirlər. Partiya sədrləri eyni, yaxud dəyişilsə belə, onların ümumi siyasət motivləri öz mövqeyində qalmaqda davam edir.

Sərdar Cəlaloğlunun ABŞ səfirliyinə minnət qoyması gülünc təsir bağışlayır

Beləliklə, dəyişən heç nə yoxdur. Belə olan halda, xarici ölkə səfirliklərinin belə müxalifət partiyalarına əlavə vaxt, xərc və s. nəyə görə xərcləməlidirlər? Bax, sual da ondadır ki, səfirlikləri hədəfə alan ənənəvi müxalifət liderləri, eləcə də ADP sədri S.Cəlaloğlu öz uğursuzluqlarını bir dəfə də olsa özlərində axtarıblarmı?

Amma bunun yerinə, S.Cəlaloğlu ABŞ səfirliyinə minnət qoymağı da unutmur və onun bu minnəti çox gülünc təsir bağışlayır. Belə ki, “əməkdaşlıq qarşılıqlı marağa əsaslanır. Amerikanın marağı yoxdursa, bizim nə qədər marağımız, inamımız olur-olsun heç nə alınmayacaq”, deyən ADP sədri bir az da irəli gedərək, səfirliklərin onlara tərəf addım atmalı olmasına eyham vurur. Bu isə bir daha sübut edir ki, özlərini “demokratik düşərgə” adlandıranlar hələ də kimlərinsə təlimatları altında işləməyə alışqandırlar və heç vaxt müstəqil şəkildə fəaliyyət göstərmək gücündə olmayıblar. Hər halda, bəlli münasibətin verilməsi də bu cür deməyə zəmin yaratmış olur.

Rövşən NURƏDDİNOĞLU