Əli Hüseynlidən Milli qəhrəmanlarla bağlı maraqlı açıqlama

15 Mart 2019 13:59 (UTC+04:00)

“2018-ci il xüsusən iqtisadi, siyasi, sosial islahatlar, ümumilikdə idarəetmə sistemləri baxımdan yadda qalan il oldu”. Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hesabat göstərir ki, hökumət qarşısına qoyduğu idarəetməni, daha da şəffaf həyata keçirilməsi ilə bağlı bütün məqsədlərə nail olub.

Azərbaycanda müharibə iştirakçıları, əlillər, şəhid ailələri ilə bağlı dövlət başçısının tapşırığı ilə bir çox ciddi işlərin görüldüyünü deyən deputat qeyd edib ki, milli qəhrəmanlara ölkəmizdə xüsusi diqqət yetirilir: “Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi hər zaman prezidentə, parlamentə müraciət edərək onların status məsələsi ilə əlaqədar qanun layihəsinin qəbul edilməsini təklif ediblər. Əlbəttə bu, gələcəkdə müzakirə oluna bilər. Lakin baş nazir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək demək istəyirəm ki, hazırda sağ olan Milli Qəhrəmanlardan bir neçəsi mənzillə təmin olunmayıb. Xahiş edirəm bu məsələyə baxılsın".