Pakistanda Azərbaycan Diplomatiyasının 100 illiyi qeyd edilib

15 Mart 2019 13:11 (UTC+04:00)

Pakistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlərinin xanımlarının, Pakistanın ictimai fəal xanımlarının, eləcə də bu ölkədə yaşayan Azərbaycan əsilli xanımların iştirakı ilə Azərbaycanın Pakistandakı Səfirliyində təşkil olunan tədbirin rəsmi hissəsində Azərbaycan Diplomatiyasının keçdiyi şərəfli yoldan bəhs olunub. SİA-nın səfirlikdən aldığı məlumata görə, tədbirdə qeyd olunub ki, 1919-cu ildə Əlimərdanbəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyətinin Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq tanınmasına nail olmaq məqsədilə Parisə səfər etməsilə və Azərbaycanın müstəqilliyinin tanınması nailiyyəti ilə başlanan Azərbaycan diplomatiyasının ilk uğuru nəticəsində Azərbaycan missiyası Paris Sülh Konfransının Ali Şurasına dəvət alıb.

Həmin dövrdə Azərbaycan Demokratik Respublikasının qısa zaman ərzində fəaliyyət göstərməsinə və bir çox çətinliklərlə üzləşməsinə baxmayaraq diplomatiyamızın aktiv fəaliyyəti nəticəsində bir çox uğurlar əldə olunub və Azərbaycanın uğurları müstəqilliyin bərpasından sonra da ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasəti və zəngin təcrübəsi sayəsində davam edib. Bildirilib ki, hazırda Azərbaycan rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz bütün sahələrdə davamlı və dinamik inkişaf edir və xarici siyasət sahəsində bir çox diplomatik nailiyyətlərə imza ataraq dünyanın sayılıb seçilən dövlətləri sırasına öz adını həkk edib.

Çıxışlardan sonra Azərbaycandan dəvət olunmuş sənətçilər, Azərbaycan Respublikasının əməkdar artistləri, müğənni Nigar Şabanovanın və rəqqasə Nigar Şahmuradovanın, eləcə də Azərbaycan Dövlət Filarmoniyasının əməkdaşı, rəqqasə Aydan Kamilovanın Azərbaycan milli geyimlərinin nümayişi ilə birgə ifa etdikləri Azərbaycan xalq mahnıları, nəğmə və rəqsləri, habelə dünya musiqisinin tanınmış musiqi əsərləri tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Oynanılan Azərbaycanın milli rəqslərinə və Azərbaycanın Yallısına təşrif buyurmuş qonaqların da qatılması tədbirə xüsusi rəngarənglik qatıb.

Tədbirdə həmçinin, Azərbaycanın milli mətbəxinə aid yeməklər, o cümlədən düşbərə, kükü, yarpaq dolması, qutab, paxlava və digər milli təamlar iştirakçılara təqdim olunub.