Özbəkistan portalında Xudafərin körpüləri - NƏŞR

15 Mart 2019 13:06 (UTC+04:00)

Özbəkistanın ekolog.uz portalı qədim Xudafərin körpüləri haqqında rus dilində geniş material verib. SİA-nın məlumatına görə, “Xudafərin körpüləri: qədim dövrdən bu günümüzə qədər” sərlövhəli məqalədə Araz çayı üzərində salınan bu iki körpünün tikilmə tarixi və əhəmiyyəti haqqında ətraflı söhbət açılır.

Bildirilir ki, bu körpülər memarlıq və bədii-texniki göstəricilərinə, yerli və regional əhəmiyyətinə görə nadir tikililərdən sayılır. Bu nadir körpülər XIX əsrdən başlayaraq Azərbaycanın ərazi bütövlüyünün simvoluna çevrilib.

Yazıda deyilir ki, Araz çayı üzərində zaman-zaman tikilər körpülərin ən populyar, möhkəm və davamlısı Xudafərin körpüləridir.

Məqalədə körpülərin Xəlifə Ömərin əmri ilə hicri təqvimi ilə 643-644-cü illərdə Bukayr ibn Abdullanın rəhbərliyi ilə tikildiyi bildirilir. 15 və 11 aşırımlı körpülər Böyük İpək Yolunun inkişafında da mühüm rol oynayıb və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyəti olub.

Tarixi hadisələr sübut edir ki, qısa müddətdə Xudafərin körpüləri vasitəsilə şimala və cənuba böyük qoşun keçirmək mümkün olub.