"Bu addımlar ölkə vətəndaşlarında ruh yüksəkliyinə səbəb olub" AÇIQLAMA-ÖZƏL

15 Mart 2019 09:48 (UTC+04:00)

"Dövlət başçısının imzaladığı fərman və sərəncamların, həyata keçirdiyi çoxsaylı tədbirlərin, gördüyü bütün işlərin kökündə ölkə vətəndaşlarının maddi-rifah halının yüksək səviyyəyə qaldırılması dayandığının hər gün şahidi oluruq". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

O bildirib ki, bütün fəaliyyəti, atdığı addımlarla vədinə sadiq qaldığını təsdiqləyən Prezident İlham Əliyevin Şamaxı və Ağsu rayonlarında baş verən təbii fəlakətdən zərər çəkən insanlarla görüşməsi, “Mən gəlməyə bilməzdim” söyləməsi, təkrar zəlzələ bölgəsinə səfəri təkcə şamaxılıların, ağsuların deyil, bütün ölkə vətəndaşlarının ruh yüksəkliyinə səbəb olub.

Deputatın sözlərinə görə, qısa zaman kəsiyində baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı atılan operativ addımlar isə bir daha təsdiq etdi ki, ölkə başçısı daim vətəndaşların yanındadır, onların sevincinə də, kədərinə də şərikdir: “Görülən işlər, atılan addımlarla 16 il əvvəl ölkə Prezidenti İlham Əliyev tərəfindən deyilən “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” sözlərini birmənalı olaraq tam təsdiqini tapıb. Xalq bir daha əmin oldu ki, çətinə, dara düşən hər bir azərbaycanlının köməyinə, dəstəyinə ilk inandığı, etibar etdiyi Prezident İlham Əliyev gəlir”.