Salome Zurabişvili Ermənistan rəsmilərini fakt qarşısında qoydu

14 Mart 2019 19:16 (UTC+04:00)

"Dağlıq Qarabağ separatçılarının Abxaziya və Cənubi Osetiyaya səfər etmələri, eyni zamanda, bu münaqişələrin eyni və simmetrik olması barədə danışmaları Gürcüstan üçün çox kədərli və ağrılı məsələdir". Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili Ermənistan parlamentinin sədri Arart Mirzoyanla görüşdə söyləyib.

Gürcüstanın dövlət başçısı deyib ki, bu münaqişələr regionumuzun birgə inkişafını məhdudlaşdırır. Gürcüstanın işğal altında olan iki ərazisi var və əgər biz ölkənin maraqları barədə danışırıqsa, o zaman bizim üçün əsas və yeganə maraq ondan ibarətdir ki, bizim suverenliyimiz və ərazi bütövlüyümüz yalnız sözdə deyil, faktiki olaraq da tanınmalıdır.

S.Zurabişvili Minsk qrupu və Cenevrə danışıqlar formatının passiv olduğunu vurğulayıb və bildirib ki, bu formatlar vəziyətdə dönüş yarada biləcək siyasi qərarlar qəbul edə bilmirlər. “Hesab edirəm ki, biz, bu münaqişələrin beynəlxalq normalar əsasında həllində yeni mərhələyə nail olunması üçün birgə çalışmalıyıq”, - deyə Prezident vurğulayıb.

Dövlət başçıqı qeyd edib ki, Gürcüstan ərazisində olmayan münaqişə ölkədə yaşayan azərbaycanlılar və ermənilər üçün də çox ağrılıdır: “Bu münaqişə Gürcüstan ərazisinə keçsə, ölkə üçün dağıdıcı ola bilər. Buna görə də bütün münaqişələr sülh yolu və beynəlxalq normalar əsasında həllini tapmalıdır”.