Məktəblilər vətənpərvərlik və dövlətçilik ruhunda yetişir

14 Mart 2019 18:21 (UTC+04:00)

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, "Ölkəmizi tanıyaq" devizi altında keçirilən tur-aksiya gənclərin tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasında təqdirəlayiqdir

Gənc nəslin vətənpərvərlik tərbiyəsi, Azərbaycana sevgi hissi, vətəndaşlıq məsuliyyəti ən əhəmiyyətli məsələlərdəndir. Dövlət-gənclər siyasətinin mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Məhz ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri də, bilavasitə gənclərin mənəvi, fiziki və psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də, müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda, milli-mənəvi dəyərlərin qorunub-saxlanmasına yönəldilir.

Təhsil alanların vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin əhəmiyyətini, eləcə də, ilkin hərbi bilik, bacarıq və vərdişlərin gənclərin inkişafına böyük təsirini nəzərə alaraq, aidiyyəti təşkilatlarla birlikdə ümumtəhsil məktəblərinin şagirdləri arasında ənənəvi "Cəsurlar", "Şahin", "Sərhəd" Hərbi-İdman və Turizm Respublika Oyunları keçirilir. Həmçinin, "Gənc xilasedici və yanğınsöndürən" respublika yarışı və "Gənc xilasedici" beynəlxalq turniri, "Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda yaradıcılıq müsabiqəsi təşkil olunur.

Dövlət başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb. Artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin "Ölkəmizi tanıyaq" devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.

Qeyd edək ki, ötən müddət ərzində, ildə iki dəfə olmaqla, 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-

Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 10 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 23 min 444 nəfər iştirak edib.

Martın 15-18 və 23-26 tarixlərini əhatə edəcək növbəti 11-ci tur-aksiyada isə 6 istiqamət üzrə Naxçıvan MR-dən, 76 şəhər və rayondan, o cümlədən, məcburi köçkün rayonlarından, ümumilikdə, 3370 nəfər iştirak edəcək. Bununla da, "Ölkəmizi tanıyaq" tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 26 mindən çox olacaq.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Bu layihə çərçivəsində, hər il yüzlərlə məktəbli Azərbaycanın müxtəlif diyarlarında olur. Maarifləndirici tur-aksiya çərçivəsində məktəblilər Azərbaycanın qədim tarixi və mədəniyyət abidələri, tarix-diyarşünaslıq muzeyləri, görkəmli sənətkarların ev muzeyləri, ziyarətgah və digər görməli yerləri ilə yaxından tanış olurlar. Bu yerlərlə tanışlıq şagirdlərin Vətənimizə olan sevgisinin daha da artmasına, vətənpərvərlik ruhunda böyümələrinə müsbət təsir göstərir.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi altında keçirilən maarifləndirici tur-aksiya ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasında və məktəblilərin dünyagörüşünün daha da zənginləşməsində çox böyük rola malikdir.

Yetişən nəsil Azərbaycanı qarış-qarış gəzib, onun tarixini, bu torpaq uğurunda canından keçən qəhrəmanlarının həyat yolunu öyrənməli, onun yeraltı və yerüstü xəzinəsi ilə tanış olub, bu torpağa layiq vətəndaş kimi yetişməlidirlər.

ZÜMRÜD BAYRAMOVA