“Bizim həyət” layihəsi çərçivəsində növbəti həyət abadılaşdırılıb FOTOLAR

14 Mart 2019 17:10 (UTC+04:00)

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir. SİA-nın məlumatına görə, “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Xətai rayonu, Məzahir Rüstəmov 12 ünvanında 1200 nəfər sakinin yaşadığı binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi paytaxtımızda həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

“Bizim həyət” layihəsi çərçivəsində abadılaşdırılan növbəti həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədi ilə ərazidə 1 ədəd mini futbol meydançası, 6 ədəd idman qurğusu, 6 ədəd söhbətgah, uşaqlar üçün oyun meydançası, 1 ədəd uşaq oyun kompleksi və 18 ədəd oturacaq quraşdırılıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fəsadları və giriş hissələri də təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 3000 kv.m ərzidə yaşıllıq zolağı salınıb.

Xətai rayonunda sakinlərin istifadəsinə verilmiş bu həyət layihə çərçivəsində abadlaşdırılan iyirminci həyətdir.
Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.