DTA-nın sədri rusiyalı turistləri Azərbaycana dəvət edib

14 Mart 2019 17:28 (UTC+04:00)

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Moskvada keçirilmiş “MITT 2019” sərgisi çərçivəsində Rusiyanın “Rossiya 24” kanalına müsahibə verib. SİA-nın məlumatına görə, müsahibə zamanı F.Nağıyev “rusiyalı turistlərin niyə məhz Azərbaycana gəlməlidirlər?” sualına cavab olaraq təhlükəsizlik, məsafə və vaxt baxımından yaxınlıq, dil baryerinin olmaması kimi amilləri qeyd edib.

O bildirib ki, Rusiya Azərbaycan turizm bazarında ən çox paya sahib olmaqla, xarici ziyarətçilərin sayına görə birinci yerdə dayanır.

“Azərbaycan. Bura kulinariyadır, ləziz mətbəxdir, tarixdir, mədəni irsdir. Bura rusiyalı turistlərə heç də yad olmayan günəşli çimərliklər və Xəzər dənizi deməkdir. Həmçinin Azərbaycan qarlı xizək kurortları deməkdir ki, nümunə olaraq son illərdə tikilmiş, Avropanın seçilən dağ-xizək mərkəzlərindən biri olan “Şahdağ” Turizm Mərkəzini göstərmək olar” deyə, Fuad Nağıyev vurğulayıb və rusiyalı turistləri ölkəmizə dəvət edərək onları Azərbaycana bir daha baxmağa çağırıb.

Xatırladaq ki, Dövlət Turizm Agentliyinin sədri Moskvada sərgi zamanı bir sıra iri turizm şirkətlərinin nümayəndələri və dövlət rəsmiləri ilə görüşlər keçirib, iki ölkə arasında turizm əlaqələrinin inkişafı istiqamətində müxtəlif mövzularda müzakirələr aparıb.

2018-ci ilin statistikasına əsasən Rusiya ölkə turizminin xarici səyahətçi sayına görə ən böyük payına - 31%-nə malik olub və 2017-ci illə müqayisədə 3% artım baş verib.