İlqar Orucov: “Müxalifətə dəstək verənlər xaricdə oturublar” RƏY-ÖZƏL

14 Mart 2019 17:14 (UTC+04:00)

“Müxalifətin icazəsiz aksiyalar planlaşdırması həmişə olduğu kimi yenə də onlara verilən göstərişlə bağlıdır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. Onun sözlərinə görə, indiyədək özünü reallaşdıra bilməyən, sosial bazadan məhrum olan və heç bir perspektivi olmayan “Milli Şura” adlı qondarma “qurumun” və özünü onun partnyoru qismində təqdim edən Müsavatın bu çağırışları faydasız, insanlarımızın istəklərini ifadə etməyən siyasi görüntü effektindən başqa bir şey deyildir: “Azərbaycanın mövcud siyasi rəhbərliyinin xalqın iradəsini ifadə edən, xalqın istəyini reallaşdıran siyasi xəttinin alternativi qismində özlərini təqdim etmək istəyən bu qüvvələri xalq yaxşı tanıyır, onların rəhbərlik etdikləri konkret dövrü unutmayıb və bu səbəbdən də onların qaraguruhçu çağırışlarını da rədd edir. Mitinq, aksiya keçirənin sosial bazası olmalıdır. Həm də bu sosial baza narazı kütlə olmalıdır. Azərbaycanda narazı kütlə varmı? Dövlət başçımız 16 il öncə “mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyərək siyasi hakimiyyətə gəldiyi dövrdən hər zaman dediyi vədin fərqində oldu, xalq üçün, dövlət üçün çalışdı və bu gün də çalışmaqdadır. Əlbətdə insanlarımız da bunu başa düşərək ölkə başçımızı dəstəkləməkdə davam edirlər. Prezidentin reytinqi ilə bu günkü müxalifətin reytinqini müqayisə belə etmək mümkün deyildir. O zaman sual olunur bu qüvvələr hansı güclə mübarizə aparmaq istəyirlər? Və sualın cavabı çox sadədir: xaricdən edilən himayə, ayrılan maliyyə və göstərişlər. Bu cür vəziyyətdə də təbii ki, xalqın iradəsi öz sözünü deyir, gücünü göstərir. Ölkə başçısı bütün sosial təbəqələri əhatə edən kompleks sosial proqramlar həyata keçirir və proses davamlıdır. Hər bir azərbaycanlı ölkə rəhbərinin həyata keçirdiyi islahatların nəticələrini həyatında hiss edir. Əhalinin həssas təbəqəsinə diqqət və qayğı ən yüksək səviyyədədir. Dövlət başçımız güclü dövlətin təməlində güclü Azərbaycan insanının dayandığını bilir və bu istiqamətdə də siyasətini qurur. Regionlarda mütəmadi görüşlər keçirir, insanlarla birbaşa təmas qurur, istək və arzularını dinləyir, yeni iş yerləri qurur. Ölkə başçısı insanlar üçün əlçatandır. Ən çətin zamanda insanlarının yanındadır, onları düşünür. Ölkənin ən ucqar regionun belə infrastrukuru yenilənib, ən müasir səviyyədə qurulub. Artıq rayon mərkəzləri deyil, kəndlər, qəsəbələr inkişaf etdirilir. İqtisadiyyat şaxələndirilib və insanlarımızın həyat şəraiti yaxşılaşıb, yaşayış səviyyəsi yüksəlib. Ən kasıb təbəqəyə yönəlmiş konkret sosial proqramlar həyata keçirilməkdədir. Cəmiyyətin ən enerjili təbəqəsi olan gəncliyin sağlam ruhda, milli dəyərlərə yetişməsi, savadlı, bilikli olması istiqamətində real işlər görülməkdədir. İnsanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində sosial evlərin tikintisinə nə qədər vəsait ayrılıb və yeni başlanmış bu işlər nə qədər insanımızı artıq əhatə etmişdir. Cəmiyyətin elə bir sahəsi yoxdur ki, orada islahatlar həyata keçirilməsin və onların nəticələri insanlarımızın daha yaxşı yaşaması naminədir. Ona görə də, özlərinə müxalifət deyən qrupun hansı təbəqənin maraqlarını müdafiə etməsi, hansı narazı təbəqənin dəstəyini ifadə etməsi maraqlıdır. Varmı o qrup? Yoxdur! Deməli, bunların dəstəkçiləri xaricdədir, Suriyanı dağıdan, bir neçə il öncə ərəb ölkələrini xarabalığa çevirən güclərdədir. Və bunlar da iqtidarla xalq arasında birlik, möhkəm inam, etibar olan, ən əsası dövlətçiliyin qədrini bilən müdrik xalqın yaratdığı Azərbaycan kimi dövlət üçün keçərli deyil və Azərbaycanla bağlı bütün çirkin, məkrli planlar, onların buradakı icraçılarının arzuları, istəkləri iflasa məhkumdur”.

GÜLYANƏ