Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri - TƏDBİR

14 Mart 2019 16:28 (UTC+04:00)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri” adlı panel keçirilib. SİA-nın məlumnatına görə, tədbir Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyi, Qeyri-Maddi Mədəni İrs Dərnəyi, Rəsmi və Qeyri-Rəsmi Təhsildə Qeyri-Maddi Mədəni İrs UNESCO Kürsüsü və AMEA-nın Folklor İnstitutunun birgə təşəbbüsü ilə reallaşıb. Tədbirdə Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Məmmədov iki qardaş ölkənin bütün sahələrdə olduğu kimi, mədəniyyət, xüsusən də folklor sahəsində birgə əməkdaşlığını yüksək qiymətləndirib və tədbirin işinə uğurlar arzulayıb. Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, dünyanın 48 ölkəsində fəaliyyət göstərən 58 Yunus Əmrə Mərkəzi türk dilinin tarixini, mədəniyyətini, sənətini tanıtmağa çalışır: "Bakı Yunus Əmrə İnstitutu Azərbaycanla Türkiyə arasında mədəniyyət körpüsü rolunu oynamağa çalışaraq bir çox mədəniyyət, elm mərkəzləri ilə birgə layihələr reallaşdırır. Bu baxımdan ,bugünkü müştərək xalq oyunları və ənənələrinə həsr olunan panelin mövzusu bizim milli mədəniyyətimizin ayrılmaz bir parçasına həsr olunub. Mədəniyyət bizim milli kimliyimizin təcəssümüdür”.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Novruz bayramı münasibətilə keçirilən tədbirlə bağlı deyib ki, məqsəd hər iki ölkənin müştərək xalq oyunları və ənənələri mövzusunda elmi müzakirələr aparmaq və bu oyunların gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulamaqdır. Bildirib ki, xalq mədəniyyətimizin ən vacib qollarından birini də xalq oyunları və meydan tamaşaları təşkil edir. “Bu oyunların, tamaşaların arxaik köklərinə getmək, onun müasir durumunu öyrənmək, bərpa etmək, özümüzə və dünyaya çatdırmaq bizim ən vacib vəzifələrimizdən biridir. Bunun üçün təkcə elmi araşdırmalar aparmaq yox, təşkilatlar arasında münasibətlər qurmaq, təcrübi-praktik işlər görmək və bu işlərin sayəsində milli kimliyimizi dünyada tanıtmaq görüləsi işlərimiz sırasında qeyd olunası məsələlərdən biridir. Çox sevinirəm ki, Bakı Yunus Əmrə İnstitutu istər Türkiyənin, istər digər qardaş türk xalqlarının mədəniyyəti ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görür”, - deyə akademik vurğulayıb.

Milli Məclisin deputatı Sona Əliyeva tədbirin əhəmiyyətini qeyd edərək deyib: “İnsanın milli kimliyini formalaşdıran bir neçə amil var ki, bunlar Vətən, torpaq, mədəniyyət, onun yaşadığı cəmiyyət və sərhədlərini müəyyən edən dövlət. İnsanın milli kimliyi, dəyərləri olmadan yaşaması qeyri-mümkündür. Milli kimlik bizi keçmişimizə, genetikamıza, tarixi yaddaşımıza bağlayan əsas amillərdəndir. Azərbaycan xalqı zaman-zaman məhdudiyyətlərlə üzləşməsinə baxmayaraq milli kimliyini, qürurunu qoruyub, saxlayıb. Xalqımız 70 il keçmiş SSRİ-nin tərkibində olmasına baxmayaraq, öz milli dəyərlərini, adət-ənənələrini qoruya bilib”.

Sonra tədbir xalq oyunları və ənənələri ilə bağlı müxtəlif mövzuda məruzələrin dinlənilməsi ilə davam edib.