Tofiq Tağızadənin yaradıcılıq otağı açıldı - TƏDBİR

14 Mart 2019 16:21 (UTC+04:00)

Bu gün “Azərbaycanfilm” Kinostudiyasında kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə sənətkarın vaxtilə çalışdığı yaradıcılıq otağının açılışı olub. SİA-nın məlumnatına görə, açılış mərasimində respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və rejissorun ailə üzvləri iştirak ediblər. Mərasimdə çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov bildirib ki, görkəmli sənətkarları yad etmək çox böyük şərəfdir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova layihənin təşəbbüskarlarına təşəkkür edib. Xalq artisti, rejissor Oqtay Mirqasımov Tofiq Tağızadə ilə bağlı xatirələrini bölüşüb. Tofiq Tağızadənin rejissoru olduğu “Yeddi oğul istərəm” filminin aktyorları Xalq artistləri Əbdül Mahmudov, Ənvər Həsənov, Rafiq Əzimov və başqaları qeyd ediblər ki, böyük sənətkarlar öz yaradıcılıqları ilə özlərinə əbədi heykəl qoyurlar. Tofiq müəllim də öz filmləri ilə həm kino tariximizdə, həm də tamaşaçı qəlbində iz qoyan rejissorlardandır.

Aktyorlar kinostudiyanın layihəsinə və ölkə rəhbərliyi tərəfindən son günlərdə kino sahəsinə ayrılan diqqətə görə minnətdarlıqlarını ifadə ediblər. Bildiriblər ki, Azərbaycan kinosu daim yaşayacaq və bu sənətdə iz qoyan sənətkarların məktəbi gənc nəsil tərəfindən ləyaqətlə davam etdiriləcək.

Sonda sənətkarın ailəsi adından Əməkdar artist Firdovsi Atakişiyev çıxış edərək rejissorun xatirəsinin əbədiləşdirilməsi istiqamətində göstərdiyi diqqətə görə, kinostudiyanın rəhbərliyinə təşəkkür edib və ailə arxivindən dahi bəstəkar Qara Qarayevin vaxtilə “Uzaq sahillərdə” filmi üçün bəstələdiyi “Bakı haqqında” mahnısının not əlyazmasını yaradıcılıq otağına hədiyyə edib.