NDU-da doktorant və dissertantlarla görüş olub

13 Mart 2019 19:05 (UTC+04:00)

Naxçıvan Dövlət Universitetində (NDU) “Elm günü” münasibətilə doktorant və dissertantlarla görüş olub. SİA xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb.

Bildirib ki, bu, dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğısı ilə yanaşı, həm də onun elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir.

Rektor vurğulayıb ki, 1998-ci ildə NDU-da Dissertasiya Şurası yaradılıb. 2018-2019-cu tədris ilində universitetə elmlər doktoru üzrə 5, fəlsəfə doktoru proqramı üzrə 7 doktorant və 27 dissertant qəbul olunub.

Sonra AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək vurğulayıb ki, elmin inkişafını daim diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də AMEA-nın Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi Sərəncam imzalayıb.

İsmayıl Hacıyev deyib: Ötən dövrdə muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində Naxçıvan Bölməsi formalaşıb, maddi-texniki bazası gücləndirilib, alim və tədqiqatçılar üçün geniş fəaliyyət istiqamətləri müəyyənləşdirilib. 2003-cü ildə əsas bina, 2004-cü ildə Təbii Ehtiyatlar İnstitutunun və bölmənin digər strukturlarının yerləşdiyi bina və 2005-ci ildə Bioresurslar İnstitutunun binası elmi işçilərin istifadəsinə verilib. Nəbatat bağının ərazisi genişləndirilib, ikimərtəbəli inzibati bina tikilib. Genefond təcrübə sahəsində də abadlıq və quruculuq işləri qısa müddətdə həyata keçirilib. Bitkilərdən dərman preparatları hazırlamaq üçün avadanlıq alınıb, Batabat Astrofizika Rəsədxanası üçün yeni ikimərtəbəli inzibati bina tikilib. Təbii Ehtiyatlar və Bioresurslar institutlarındakı laboratoriyalar lazımi cihaz və avadanlıqlarla təchiz edilib, bölmənin “Tusi” nəşriyyatı, Elektron Kitabxanası yaradılıb. Naxçıvan Bölməsinin 2005-ci ildən “Xəbərlər” jurnalı iki seriyadan ibarət nəşr olunmağa başlayıb. 2011-ci ildən “Axtarışlar” jurnalı nəşrə başlayıb”.

Akademik ötən fəaliyyət dövründə bölmə əməkdaşlarının 3-ü beynəlxalq olmaqla, 20 qrant layihəsinin qalib olduğunu diqqətə çatdırıb. Naxçıvanda elm adamlarının dərc etdirdiyi elmi məqalələrin sayının 25 minə çatdığı bildirilib.

AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun professoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev doktorant və dissertantlara öz məsləhətlərini verib, bu gün münasibətilə elm adamlarını təbrik edib.

Sonda dissertantların sualları cavablandırılıb, verilən təkliflər dəyərləndirilib.