UNEC və Lənkəran Dövlət Universiteti əməkdaşlıq edəcək

13 Mart 2019 18:31 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıb. UNEC-dən SİA-ya bildirilib ki, müqaviləni rektor Ədalət Muradov və LDU-nun rektoru vəzifəsini icra edən Natiq İbrahimov imzalayıblar. Müqavilənin imzalanmasında məqsəd UNEC ilə LDU arasında əməkdaşlığı, tələbə-müəllim mübadiləsini və əmək bazarının tələblərinə uyğun hazırlıqlı məzun buraxılışını təmin etməkdir.

Sənədə əsasən, tələbələr tərəfdaş universitetin beynəlxalq mübadilə və ikili diplom proqramlarında iştirak etmək hüququna malikdirlər. UNEC-in London İqtisad Məktəbi və Fransanın Monpelye Universiteti və digər tanınmış xarici universitetlərlə ikili diplom proqramlarından LDU tələbələri də yararlana bilərlər. Tələbənin qəbul imtahanları zamanı qazandığı bal ikili diplom proqramında onun iştirakı üçün əhəmiyyət kəsb etmir. İkili diplom proqramında iştirak edəcək tərəfdaş universitetlərin tələbələri bakalavr təhsilini bitirərək hər iki universitetin müvafiq ixtisaslar üzrə diplomlarını əldə edə biləcəklər. Proqramda tərəfdaş universitetlərin iqtisadiyyat və biznesin idarə edilməsi ixtisasları üzrə əyani təhsil alan tələbələri iştirak edə bilərlər. Tələbələr proqrama I tədris ilinin sonunda müraciət etməli və nəzərdə tutulan 60 krediti toplamalı, onun ümumi orta müvəffəqiyyət göstəricisi 81-dən yuxarı olmalıdır. Həmçinin tələbə öz universiteti tərəfindən tövsiyə edilməlidir. Proqramda iştirak edən tələbə tədris ilinin əvvəlində üç nüsxədən ibarət fərdi tədris planını tərtib edir. Proqrama qoşulanlar, hər iki qurumda qeydiyyata alınırlar, digər tələbələrlə eyni hüquq və vəzifələrə malik olurlar.

N.İbrahimov qeyd edib ki, LDU-da müasir qida təhlükəsizliyi laboratoriyasının fəaliyyəti UNEC-də müvafiq ixtisaslar üzrə təhsil alan tələbə və müəllim heyəti üçün əlavə imkanlar yaradıb. O, gələcəkdə birgə tədqiqat mərkəzlərinin yaradılmasını təklif edib.