"Orqan transplantasiyası sahəsində əsas problem donorluqla bağlıdır"

12 Mart 2019 15:17 (UTC+04:00)

“Bu gün xeyli sayda Azərbaycan vətəndaşı orqan transplantasiyası əməliyyatı gözləyir. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov orqan transplantasiyası üzrə keçirilən dinləmələrdə çıxış edərkən deyib.

Ə.Əmiraslanov bildirib ki, orqan transplantasiyası son 50 ildə inkişaf etməyə başlayıb: “Son illərdə isə bu sahə geniş vüsət almağa başlayıb. Hər il dünyada 120 mindən çox orqan transplantasiyası əməliyyatı icra edilir. Amma dünyada yaşayan insanların orqan transplantasiyasına olan ehtiyacı bu göstəricidən daha çoxdur.

Komitə sədri qeyd edib ki, Azərbaycanda da orqan transplantasiyası sahəsində irəliləyiş var və çox sayda əməliyyatlar icra edilir: “Amma orqan transplantasiyası sahəsində əsas problem donorluqla bağlıdır. Donorların sayının az olması, əməliyyat lazım olan orqanların olmaması bu əməliyyatların az edilməsinin əsas səbəbidir”.

Ə. Əmiraslanov əlavə edib ki, orqan transplantasiyası ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var: “Buna görə də MM tərəfindən orqan transplabntasiyası haqqında mükəmməl qanun layihəsinin hazırlanması qərara alınıb”.