Gənc rəssamlarımızın əsərləri dünyanı gəzir - SƏRGİ

20 Fevral 2019 11:33 (UTC+04:00)

Azərbaycanın İndoneziyadakı səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Sinqapurda gənc rəssamlarımızın sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgidə 14 gənc və istedadlı rəssamın 60-a yaxın sənət əsəri nümayiş olunub. Sərginin açılışında çıxış edən ölkəmizin İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ilin noyabrında Sinqapura dövlət səfərinin ikitərəfli əlaqələrin tarixində yeni səhifə açdığını xüsusilə qeyd edib. Azərbaycan ilə Sinqapur arasında ikitərəfli diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyi cari ildə ilk dəfə belə bir sərginin təşkilini iki ölkə arasında humanitar sahədə mübadilə üçün yaxşı zəmin yaratdığını bildirib. Diplomat iki ölkə arasında əlaqələrin inkişafı, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişlənidirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Daha sonra, tədbir iştirakçılarına Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 2018-ci ildə 100 illiyinin qeyd edilməsi, müasir dövrdə Azərbaycanda aparılan islahatlar və ölkəmizin sürətli inkişafı haqqında məlumat verilib.

Ermənistanın ölkəmizə qarşı apardığı hərbi təcavüz və azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmənin nəticələri barədə tədbir iştirakçılarına məlumat təqdim edilərək, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi və bir milyona yaxın insanın məcburi köçkünə çevrildiyi qeyd edilib. Bildirilib ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni Ermənistan icra etməlidir və məcburi köçkünlər öz doğma torpaqlarına geri qayıtmalıdır.

Bununla yanaşı, ölkəmizin hazırda sülh, sabitlik, dayanıqlı inkişaf nümunəsi olduğu və Azərbaycanın dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrildiyi və dünyaya möhkəm əsas yaradan daxili sabitlik, vətəndaş həmrəyliyi, insan və dinlərarası sülh və tolerantlığa söykənən öz inkişaf modelini təklif etdiyi iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə iştirak edən Türkiyənin Sinqapurdakı səfiri Murat Lütem çıxışında Sinqapurda Azərbaycan gənc rəssamlarının ilk sərgisinin keçirilməsini alqışlayıb. Türkiyə ilə Azərbaycan əlaqələrində “Bir millət -iki dövlət” prinsipinin iki qardaş xalqın tarixi köklərə əsaslandığını, Ermənistanın ölkəmizə qarşı təcavüzü və Dağlıq Qarabağın işğalına son qoyulması məsələsində Türkiyənin daim Azərbaycanın yanında olduğunu xüsusilə qeyd edib.

Sərgidə iştirak edən gənc azərbaycanlı rəssamlara sertifikatlar təqdim olunub.