"ABAD" "Uğur-2018" Milli mükafatına layiq görülüb FOTO

18 Fevral 2019 11:50 (UTC+04:00)

Ailə Biznesinə Asan Dəstək (“ABAD”) publik hüquqi şəxs kiçik və orta sahibkarlığın inkişafına verdiyi töhfələrə görə Azərbaycanda ən nüfuzlu biznes mükafatı sayılan “Uğur 2018” Milli Mükafatına layiq görülüb. Qurumdan SİA-ya verilən məlumata görə, mərasimdə çıxış edən “ABAD” publik hüquqi şəxsin deriktoru Rüfət Elçiyev qurumun əldə etdiyi nailliyətlər haqqında danışıb: “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. “ABAD” pilot layihə olaraq 7 təssərüfatçı ailə ilə başladı. Hazırda 336 ABADçı– kiçik və orta sahibkar bizim dəstək proqramına qoşulub. Yaradılan 40-a yaxın qida brendi ölkənin ən iri hipermarketlərində satışdadır. Dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələri “ABAD” etno-butiklərində satışa çıxarılıb.Perspektivdə dəstək istiqamətlərinin sayının çoxalması, ixrac potensialının gücləndirilməsi və ABADçı ailələrinin sayının daha da artması gözlənilir”.

Qeyd edək ki, “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd - Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.

“ABAD” həmçinin ailə təsərrüfatlarına biznes-planlaşdırma, avadanlıqla təchizedilmə, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, daşınma, logistika və ən əsası satışın təşkili kimi xidmətlər göstərir.

Azərbaycanın işgüzar dairələrində ən nüfuzlu mükafat sayılan “Uğur” Milli Mükafatı 2000-ci ildə, ölkədə iqtisadiyyat, hüquq, özəl sahibkarlığın inkişaf etdirilməsi məsələlərini işıqlandıran aparıcı işgüzar nəşr olan “Consulting&Business” jurnalı tərəfindən təsis edilib. 1996-cı ildən dərc olunan “Consulting&Business” jurnalı Azərbaycanda iqtisadçı, siyasətçi, menecerlər və işgüzar şəxslərin məhşur jurnalına çevrilib. Mükafat fəaliyyət sahəsi üzrə əhəmiyyətli nailiyyətlər əldə etmiş və Azərbaycanın inkişafında töhfə vermiş qurumlara, təşkilatlara, şirkətlərə, verilir.