İlk peşəkar azərbaycanlı qadın rəssam - Maral Rəhmanzadə - ANIM

18 Fevral 2019 11:24 (UTC+04:00)

Peşəkar rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, dövlət mükafatı laureatı Maral Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkardır.

Xalq Rəssamı Maral Rəhmanzadə təsviri sənətimizin zəngin ənənələrini davam etdirməklə yetmiş ildən artıq bir dövr ərzində səmərəli fəaliyyət göstərib.

Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib. 1934-1940-cı illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirib. Mənaca dolğun, təbii və yaddaqalan lövhələr yaradaraq, Azərbaycan rəssamlıq sənətinə layiqli töhfələr verib. Mahir fırça ustasının müxtəlif mövzulu əsərləri mədəniyyətimiz tarixinə boyakarlığın qiymətli nümunələri kimi daxil olub.

Maral xanım qrafika sahəsində xüsusilə məhsuldar çalışıb. Onun yaratdığı silsilələrdə Azərbaycanın füsunkar təbiəti dərin emosionallıq və böyük ustalıqla tərənnüm edilir. Rəssamın Vətənimizin ayrı-ayrı guşələrinin, o cümlədən Naxçıvan və Lənkəran, Şamaxı və Quba diyarlarının qədim tarix və təbiət abidələrini, əsrarəngiz mənzərələrini əks etdirən milli koloritli əsərləri qrafik elementlərin lakonikliyi və səmimiyyəti ilə seçilir.

Rəssam kitab qrafikası sahəsində də fəaliyyət göstərib. Klassik şairlərimizdən Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin və Məhəmməd Füzulinin kitablarına verdiyi bədii tərtibatlar və çəkdiyi çoxsaylı illüstrasiyalar həmçinin portretlər yüksək sənətkarlıq nümunəsi sayılır.

Azərbaycan qadınına xas gözəlliyin, zərifliyin və zəngin mənəvi aləmin rənglərin əlvan dili ilə parlaq ifadəsi Maral Rəhmanzadə yaradıcılığının başlıca xüsusiyyətlərindən biridir. Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində (“Azərbaycan qadını keçmişdə və indi”, “Qadınlar müharibə illərində”) Azərbaycan qadınlarının həyatı öz əksini tapmışdır. Kənd həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin başlıca mövzusudur (“Bizim qızlar”, “Mənim bacılarım”, “Doğma vətənim”, “Azərbaycan”).

Maral Rəhmanzadə bir sıra xarici ölkələrin həyatından çoxlu eskizlər çəkib. Silsilə qravüralar yaradan rəssamın əsərləri London, Moskva, Nyu-York, Paris, Tokio və dünyanın məşhur şəhərlərinin muzeylərində, rəsm qalereyalarında və mötəbər sərgi salonlarında uğurla nümayiş etdirilib. Onun xaricdə də dəfələrlə təşkil olunmuş fərdi sərgiləri mədəniyyətimizin təbliğinə xidmət edib, Azərbaycan boyakarlığına beynəlxalq miqyasda şöhrət gətirib.

Rəssam milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox mükafatlara, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb. Maral Rəhmanzadə 2008-ci il martın 16-da vəfat edib.