Gürcüstan ilə ABŞ arasında hərbi sahədə yeni memorandum imzalanacaq

16 Fevral 2019 23:42 (UTC+04:00)

Gürcüstan ilə ABŞ arasında hərbi sahədə əməkdaşlığa dair yeni memorandum imzalanacaq. Bu sözləri Gürcüstanın müdafiə naziri Levan İzoriya ABŞ-ın müdafiə naziri Patrik Şenaxen ilə Münxendə keçirilən görüşündən sonra söyləyib. O deyib ki, Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin rəhbərliyi ilə keçirilən görüşdə ABŞ ilə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, Gürcüstanın NATO-ya inteqrasiyası, hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regionda vəziyyət, münaqişələrin həlli yolları və s. məsələlər müzakirə olunub.

Nazirin sözlərinə görə, bu il ABŞ ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair 5 illik müqavilə imzalanacaq. Müzakirə olunan vacib məsələlərdən biri də ABŞ-dan yeni silahların alınmasıdır. Yeni imzalanacaq sənəddə ABŞ istehsalı olan və hədəfi yüksək dəqiqliklə məhv edə bilən silahların Gürcüstana satılması məsələsi də əksini tapıb.