Brüsselin ardınca Berlin də ayağa qalxıb

16 Fevral 2019 16:19 (UTC+04:00)

Almaniyanın paytaxtında ictimai nəqliyyat işçilərinin son yeddi ildə ilk iri tətili başlanıb. SİA xəbər verir ki, şəhərdə tramvaylar və metro qatarları hərəkət etmir. Avtobus reyslərinin əksəriyyəti ləğv edilib. “Verdi” həmkarlar ittifaqında bildiriblər: “Tətil plan üzrə gedir”.

Əməkhaqqının artırılması və iş şəraitinin dəyişdirilməsi barədə danışıqlar fonunda “Verdi” Həmkarlar İttifaqı işəgötürənə təzyiq göstərməyə çalışır. “Verdi” çalışır ki, 14 min əməkdaşın hər biri üçün 36,5 saatlıq iş həftəsi tətbiq edilsin (hazırda işçilərin yarısı üçün 39 saatlıq iş həftəsi tətbiq edilir), işə yeni qəbul edilənlərə də Milad bayramı münasibətilə mükafatlar ödənilsin, əməkhaqqı daha tez-tez artırılsın, həmkarlar ittifaqının üzvlərinin hər birinə 500 avro məbləğində birdəfəlik ödəniş olsun.

Tətil yüz minlərlə sərnişinə, o cümlədən 69-cu Beynəlxalq Berlinale kinofestivalına gələnlərə də təsir edib.