“Azərbaycanlılarla çeçenləri özündə birləşdirən daha bir amil ümumi Qafqaz evidir” ÖZƏL RƏY

16 Fevral 2019 14:28 (UTC+04:00)

Azərbaycan xalqı ilə çeçen xalqı arasında daim mütəşəkkil və kifayət qədər möhkəm qardaşlıq əlaqələri mövcuddur, bu reallıq isə, uzun illərə söykənir”. Sözügedən fikirləri “Səs” Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev son günlər azərbaycanlılarla çeçenlər arasında təxribata hesablanmış cəhdlərlə münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, Çeçenistan daim Qarabağ münaqişəsində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyib, eləcə də, birinci Qarabağ müharibəsində bütün mənalarda öz dəstəyini əsirgəməyib: “Bu gün, bu qardaşlıq münasibətlərinə kölgə salmağa çalışan mənfi qüvvələr üzə çıxıblar və onların həmin cəhdləri boşa gedib. Çünki Azərbaycan və çeçen xalqları tarixlər boyu bir-birinin yanında olaraq, ən çətin anlarında yanbayan olublar. Rusiyada baş verənlər isə, söz yox ki, düşmən əməlidir və artıq bu məsələnin çözülməsi istiqamətində müvafiq addımlar atılıb. Çeçen və azərbaycanlı diaspora nümayəndələri görüşərək, sözügedən cəhdlərin təxribat olduğunu vurğulayıblar. Düşünürəm ki, tarixi kökləri və bağlılıqları olan xalqlarımız heç vaxt belə təxribatlara getməyib, bundan sonra da getməyəcək”.

Siyasi ekspert daha bir xatırlatmanı da edərək bildirib ki, Çeçenistanın ən ağır günlərində Azərbaycan xalqı öz qapılarını qardaş xalqın üzünə açıb: “Əlbəttə ki, çeçen qardaş və bacılarımız da bu doğmalığı heç vaxt unutmayıblar, bundan sonra da unutmayacaqlar. Bizi birləşdirən daha bir amil ümumi Qafqaz evidir. Eləcə də, azərbaycanlılarla çeçenləri birləşdirən məqam da bu reallığa söykənir. Bu ev, həm də bütün xoşməramlı, sülhsevər Qafqaz xalqlarını özündə birləşdirən sülh carçısıdır. Hesab edirəm ki, artıq təxribat cəhdi puç olub və belə cəhdlərin qarşısını alan yeganə faktor müdriklikdir – Azərbaycan və çeçen xalqlarının müdrikliyi”.

Rövşən NURƏDDİNOĞLU