"Sərəncamlar təhsildə motivasiyanı, rəqabət mühitini gücləndirəcək" ÖZƏL-MÜNASİBƏT

16 Fevral 2019 13:35 (UTC+04:00)

"Fevralın 14-də cənab Prezident İlham Əliyev Azərbaycanda təhsil sahəsi üzrə bir Fərman və iki Sərəncam imzaladı. Qəbul olunan bütün sənədlər bütövlükdə Azərbaycanda təhsil alan magistrların, doktorantların, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması, onlara dövlət qayğısının daha da artırılmasına hədəflənmiş mühüm sənədlərdir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

"Hesab edirəm ki, bu sənədlərin qəbul olunması Azərbaycanda təhsildə həm motivasiyanı, rəqabət mühitini gücləndirəcək, həm də böyük sayda tələbələrin sosial müdafiəsinə böyük təkan vermiş olacaq. Təsəvvür edin ki, Azərbaycanda bütövlükdə təqaüd alan tələbələrin kvotası 16 min vahid artırılır. Eyni zamanda çox vacib bir məqamlardan biri ondan ibarətdir ki, təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılacaq. Bütün bunlar rəqəmlərlə ifadə olunsa da özlüyündə çox böyük bir təbəqəni əhatə edir. Bu Sərəncamlar təkcə təhsilin doktorantura, doktoranturanın hər iki pilləsi, magistratura və balakavr üzrə təhsil alan gəncləri əhatə etmir. Bu eyni zamanda orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə şamil olunur. Hesab edirəm ki, olduqca sosial bir Sərəncamdır. Bu həm də cənab Prezidentin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” ifadəsinin təsdiqidir”-deyə, sədr fikrini tamamlayıb.