"Ali məktəblərimiz arasında yarış müsbət istiqamətdə inkişaf edir” ÖZƏL-RƏY

16 Fevral 2019 12:10 (UTC+04:00)

“Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış son Fərman və Sərəncamlar olduqca əhəmiyyətlidir. Bilirsiniz ki, 2013-cü ildən Azərbaycanda təhsilin inkişafı ilə bağlı çox mühüm bir sənəd imzalandı. Buna uyğun olaraq təhsil sahəsindəki islahatlar daha davamlı və məqsədyönlü xarakter daşımağa başladı. Məhz bunun nəticəsidir ki, istər ali təhsildə, ümumi təhsildə, istərsə də məktəbəqədər təhsildə və bütövlükdə bütün təhsil sistemində tamamilə keyfiyyətcə yeni bir mərhələyə keçidə start verildi. Biz artıq tam əminliklə deyə bilərik ki, Azərbaycanda təhsil tamamilə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub və uğurla inkişaf edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda hələ Ümummilli Lider tərəfindən təhsilə və elmə, tələbələrə böyük diqqət və qayğı göstərilirdi: "Vaxtilə Ulu öndər Heydər Əliyev çıxışlarının birində qeyd etmişdi ki, “mən Kremldən istefa verib gedərkən özümlə bir siyahı götürdüm. Həmin siyahı vaxtilə SSRİ-nin ən tanınmış, nüfuzlu ali məktəblərinə göndərdiyim gənclərin, tələbələrin siyahısı idi”. Çünki onlar müstəqil Azərbaycanın qurulması üçün böyük rol oynayacaqdılar. Bu gün biz onun şahidiyik. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də o vaxt SSRİ-in ən məşhur diplomatik ali məktəbinin məzunu idi. Dövlət başçısı bu gün Azərbaycan dövlətini çox uğurla inkişaf etdirir və xalqımızın sosial-rifahı günü-gündən də artır. İkincisi isə vaxtilə təqaüdlər yalnız və yalnız dövlət hesabına, dövlət sifarişi ilə təhsil alan tələbələrə şamil edilirdi. Amma 2016-cı ildən etibarən cənab Prezidentin tələbələrə və təhsilə diqqət, qayğısı tələbələrin sosial-müdafiəsini gücləndirmək baxımından 2016-cı ildən təqaüd verilməsi dövlət sifarişindən asılı olmayaraq, eyni zamanda ödənişli təhsillə təhsil alan bütün tələbələrə şamil edildi. İkincisi maliyyələşdirmə sistemi tamamilə dəyişdirildi. Bu da ali məktəblər arasındakı həm fərqi aradan götürdü, həm də motivasiyanı gücləndirdi ki, ali məktəblər arasında böyük yarışlar getsin. Artıq ali məktəblərimiz arasında bu yarış çox müsbət istiqamətdə inkişaf edir”.