"Sərəncam tələbələr arasındakı rəqabəti gücləndirəcək” ÖZƏL-ŞƏRH

16 Fevral 2019 11:35 (UTC+04:00)

“Cənab Prezident tərəfindən imzalanmış son Fərman və iki Sərəncamda təhsilin inkişafı, təhsil alanların sosial-müdafiəsinin qorunması, onların təqaüdalma imkanlarının genişləndirilməsi məsələsinə xüsusi önəm verilmişdir. Bu Sərəncamda verilmiş tapşırıqların təhlili nəyi söyləməyə bizə əsas verir. Birincisi bu rəqabət haqqında danışarkən bu təkcə ali təhsil müəssisələri arasındakı rəqabət yox, həm də tələbələr arasındakı rəqabəti gücləndirəcək”. Bunu SİA-ya UNEC-in rektoru, professor Ədalət Muradov deyib.

Rektorun sözlərinə görə, tələbələr arasındakı rəqabətin gücləndirilməsinin nəticəsi o olacaq ki, artıq daha keyfiyyətli və dərin bilik əldə etmək uğrunda mübarizə artacaq: “Son nəticədə bizim tələbələrimizin mütəxəssis kimi yetişməsi baxımından daha böyük uğurlar əldə etməsinə əlverişli şərait yaranacaq. Bu Sərəncamla təqaüdlərin artırılmasının bir fərqli özəlliyi də ondan ibarətdir ki, ötən ilin noyabr ayında cənab Prezident tərəfindən “Ali təhsil müəssisələrinin rəqabətqabiliyyətinin artırılmasına dair” Dövlət Proqramı qəbul edilib. Təqaüdlərin artırılması ilə birbaşa olaraq Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin cəlbediciliyi artırılır. Ölkə başçısı həmin o Dövlət Proqramında vermiş tapşırıqlardan irəli gələn vəzifələrin icrası baxımından təhsil işçilərinin görməli olduğu işi həm də özü görmüş oldu. Bizim təhsil müəssisələrində təhsil alan tələbələr daha çox bizim universitetlərimizə, bizim ali təhsil müəssisələrinə üstünlük verəcəklər. Təqaüdlərin artırılması ilə bağlı verilmiş qərarın bir önəmli xüsusiyyətini də qeyd etməyi özümə borc bilirəm. Burada təhsilin bütün pillələri üzrə ardıcıllığın təmin edilməsi baxımından bu Sərəncam olduqca önəm kəsb edir. Beləki bakalavr pilləsini bitirmiş gənc bir sıra hallarda magistratura təhsilinin maddi durumunu nəzərə alaraq davam etdirə bilmir. Bu Sərəncamla artırılmış təqaüdlər imkan verəcək ki, bizim gənclərimiz bakalavr təhsilini bitirdikdən sonra magistratura, magistratura təhsilini bitirdikdən sonra isə doktorantura pilləsində təhsillərini davam etdirsinlər”.