"Yaxın zamanda Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik" ÖZƏL-MÜNASİBƏT

16 Fevral 2019 11:19 (UTC+04:00)

Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində haqlı olaraq bildirdi ki, “bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir”. Azərbaycan ordusu həqiqətən də günün tələblərinə cavab verir". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.

Sədrin sözlərinə görə, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin birbaşa diqqəti ilə ordumuz ən müasir texnika ilə təchiz olunub: "Ordumuz müasir silahlarla təmin edilib. Bu işlər peşəkar mütəxəssislər tərəfindən aparılır. Yəni ən qabaqcıl ölkələrin istehsalı olan və Azərbaycan ərazisinə, döyüş mövqelərinə uyğun müasir hava hücumundan müdafiə sistemi, artilleriya qurğuları üçün və s. silahlarımız var. Bununla belə əsgərlərimizin yaşaması üçün müasir kazarmalarımız, tibb məntəqələrimiz, hospitallarımız, ərzaq anbarlarımız vardır. Həmçinin əsgərlərin istirahət şəraiti və idman qurğuları yüksək səviyyədədir.

Bu gün çox sevindirici haldır ki, hər il keçirilən Müdafiə Nazirliyinin, daxili qoşunların, sərhəd qoşunlarının birgə əməliyyat təlimləri çox yüksək səviyyədə keçirilir. Ölkədə yeni yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti öz işini müasir tələblərə uyğun qurub. Beləcə koordinasiya olunmuş şəkildə bir neçə saatın içində on minlərlə gənc səfərbər olunur. Bu Azərbaycan gəncliyinin nə qədər vətənpərvər olmasının göstəricisidir. Biz mütləq yaxın zamanda Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik".