Məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib FOTOLAR

15 Fevral 2019 15:04 (UTC+04:00)

Məcburi köçkünlərin birbaşa yaşayış yerlərində hərtərəfli tibbi müayinəyə cəlb olunması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 15-də Bərdə rayonunda tibbi aksiya keçirilib. SİA-nın verdiyi məlumata görə, akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının yüksək ixtisaslı həkimləri Bərdə Müalicə Diaqnostika Mərkəzində məcburi köçkünləri müayinə edib, onların sağlamlıq vəziyyətini yoxlayıblar. Həkim briqadasının tərkibində cərrah, nevropatoloq, pediatr, oftalmoloq, nefroloq, kardioloq, travmatoloq və digər ixtisaslar üzrə ali dərəcəli 20-yə yaxın həkim olub. Müayinələr ödənişsiz əsaslarla aparılıb. Pasiyentlərə zəruri həkim məsləhəti verilib, diaqnoz qoyulub. Onlardan bəzilərinə daha dərin müayinə və ixtisaslı müalicə üçün Bakıya göndəriş verilib.

Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin maddi rifahının yaxşılaşdırılması, sosial problemlərinin həlli, o cümlədən yüksək keyfiyyətli səhiyyə xidmətləri ilə təmin edilməsi üçün davamlı və təsirli tədbirlər görülür.

Qaçqınların və məcburi köçkünlərin sağlamlığının qorunmasına da hərtərəfli dövlət qayğısı göstərilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması ilə yanaşı, müntəzəm olaraq zəruri tibbi yardım almasına xüsusi həssaslıqla yanaşır. Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə müasir tələblərə cavab verən tibb məntəqələri fəaliyyət göstərir.

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı digər şəhər və rayonlarda da bu cür tibbi aksiyalar keçirilməsi nəzərdə tutulub.