"Prezidentin qərarı tək sosial addım deyil, dövlətçilik siyasətinin zəruri tərkib hissəsidir" AÇIQLAMA-ÖZƏL

15 Fevral 2019 14:20 (UTC+04:00)

“Dövlət başçısının tələbə təqaüdlərini nəzərə çarpan dərəcədə artırması Azərbaycanda sosial sferanın tam nəzarət altında olduğunu və bu sahədə aparılan siyasətin azacıq da olsa boş yerinin qalmadığını göstərdi”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Aztəminatlı təbəqənin qayğısına qalmaq Azərbaycanda sosial siyasətin mühüm istiqamətlərindən biri olduğunu deyən baş redaktor söyləyib ki, sosial müdafiə və sosial təminat siyasəti ölkəmizdə ardıcıl, fasiləsiz və ünvanlı aparılması ilə xarakterikdir.

Onun sözlərinə görə, son aylarda bu istiqamətdə Prezidentin həyata keçirdiyi bir sıra tədbirlər və qərarlar aztəminatlıların həyatını yaxşılaşdırmaqla bərabər dövlətimizin iqtisadi gücünün daha böyük sürətlə artdığını təsdiqləyir:

“Minimum əmək haqqı, minimum pensiya, yaşayış minimumu artırılır, əlil və şəhid ailələrinin mənzillə təminatı mütəmadi yaxşılaşdırılır, müavinətlər artırılır. Mühüm məqamlardan biri odur ki, bütün bunlar hər hansı beynəlxalq təşkilatın, daxildə hansısa mənbənin tövsiyəsi, marağı və ya tələbi ilə deyil, şəxsən Prezidentin özünün təhlilləri, informasiyaları və şəxsi iradəsi ilə baş verir. Bütün bunlar ölkədəki sosial dəstək və sosial müdafiə tədbirlərinin aparılan siyasətin xarakterindən irəli gəldiyini göstərir”.

A. Quliyev söyləyib ki, bu günlərdə bütün kateqoriyalardan olan tələbələrin təqaüdlərinin artırılmasına da bu mülahizələr əsasında baxmaq lazımdır: “Söhbət on minlərlə insanın təmsil etdiyi təbəqənin təqaüdünü artırmaqdan gedir və bu kiçik vəsait deyil. Tələbə təqaüdlərinin artırılmasına həm də dövlət başçısının özünün gənclər siyasətində elan etdiyi prinsiplərə ardıcıl və sadiq yanaşmasının göstəricisidir. Prezidentin tələbələrə hərtərəfli dəstəyi onun gənclər siyasətinin tərkib hissəsi və pozitiv davamıdır”.

Ekspert qeyd edib ki, tələbələrin böyük çoxluğunun təqaüdə ehtiyacı olduğunu nəzərə alsaq Prezidentin qərarının humanitar mahiyyət daşıdığını da görmək olar: "Başqa bir cəhət bazar iqtisadiyyatının ölkəmizdə sürətlə böyüdüyü şəraitdə tələbələr kimi gəliri olmayan təbəqənin ehtiyaclarının dövlət tərəfindən qarşılanmasını daimi prosesə çevirməkdir. Etiraf edək ki, bizdə bu artıq təmin edilib. Hər bir tələbə bilir ki, bazar tələbatları böyüdükcə onu bu ağır yükdən qoruyan qüvvə var və olacaq. Bu amil Prezidentin qərarının ölkədə həm də sosial ədalətin qorunmasına yönəldilmiş fəaliyyət kimi dəyərləndirmək olar”.

A.Quliyev əlavə edib ki, ümumən gənclərin, xüsusilə də tələbələrin iqtisadi inkişafa uyğun olaraq fasiləsiz dövlət dəstəyi altına alınması dövlətimizin dayandığı sosial bazanı daha da bərkidir, gənclərin dövlətçilik şüurunun formalaşmasında böyük rol oynayır: “Bu mənada Prezidentin qərarı tək sosial addım deyil, eyni vaxtda humanitar, sosial ədaləti qoruyan, dövlətimizin sosial bazasını möhkəmləndirən və gəncləri dövlətçiliyimizə daha çox bağlayan çox təsirli addımdır, dövlətçilik siyasətinin zəruri tərkib hissəsidir”.