Şahin Mustafayev “KAMAZ” ASC-nin baş direktoru ilə görüşüb

13 Fevral 2019 20:03 (UTC+04:00)

“KAMAZ” ASC Azərbaycanda kənd təsərrüfatı texnikası və kommunal istifadə olunan nəqliyyat vasitələri istehsal edə bilər. İqtisadiyyat Nazirliyindən bildirilib ki, iqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın “KAMAZ” ASC-nin baş direktoru Sergey Koqoqinlə görüşüb. Görüşdə Ş.Mustafayev ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrin genişlənməsinin Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb.

Nazir bir neçə gün əvvəl Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin Azərbaycana səfəri zamanı Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin Rusiya Federasiyasının “QAZ Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə “QAZ” avtomobillərin istehsalı zavodunun təməlinin qoyulduğunu, Gəncə Avtomobil Zavodunun Rusiyanın “KAMAZ” və “Ural” zavodları ilə əməkdaşlığı məsələsinin müzakirə edildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, 2015-ci ilin fevralında “KAMAZ” ASC ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə əsasən, Gəncə Avtomobil Zavodunda “KAMAZ” avtomobillərinin yığımı həyata keçirilir.

Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin davamlı olaraq inkişaf etdiyini vurğulayan Ş.Mustafayev əməkdaşlığın inkişafı üçün potensialı qeyd edib.

Rusiyanın “KAMAZ” ASC-nin baş direktoru S.Koqoqin “KAMAZ” avtomobillərindən hazırda dünyanın 80-dən çox ölkəsində istifadə edildiyini, MDB ölkələrində “KAMAZ” ASC-nin 40-dan artıq servis xidmətinin fəaliyyət göstərdiyini bildirib. Azərbaycan bazarının əlverişli olduğunu diqqətə çatdıran S.Koqoqin qeyd edib ki, “KAMAZ” ASC Azərbaycanda kənd təsərrüfatı texnikası və kommunal istifadə olunan nəqliyyat vasitələri istehsal edə bilər. Bundan başqa, yeni nəsil “KAMAZ” avtomobilləri üçün Bakıda və regionlarda servis xidməti yaradıla bilər.

Görüşdə əməkdaşlığın genişləndirilməsi, bir sıra ehtiyat hissələrinin Azərbaycanda istehsalının təşkili imkanları müzakirə edilib.