Yeni qəzəllər

13 Fevral 2019 17:24 (UTC+04:00)

LİLPAR CƏMŞİDQIZI

Mənə candan da əziz sevgili yarımdı Vətən,
Edəməm tərk onu, nazlı nigarımdı Vətən.

Ona bənzər belə yoxdur, nə məkan, ölkə, diyar,
Ucalan bayrağı var, şanlı vüqarımdı Vətən.

Yazı yazdır, qışı da güllü bahartək görünər,
Sinəsi meyvə dolu, böylə nübarımdı Vətən.

Bəzənib gül-çiçəyə, sanki gülüstanə dönüb,
Nə gözəl surəti var, fəsli-baharımdı Vətən.

Dayanıb mavi Xəzər, layla çalır Xan Bakıma,
Nə qədər sərvəti var, dövlətü varımdı, Vətən.

Dolanım mən başına, tən bölünüb torpağımız,
Qarabağ adlı gözəl, tərki-diyarımdı, Vətən.

Yıxılan dağlarımın naləsi göylərdə gəzir,
Laçınım, Kəlbəcərim həm ahu zarımdı, Vətən.

Alışıb kəndlərimiz, torpağına kül tökülüb,
Elə ah-nalə çəkən, ordakı narımdı, Vətən.

Bu bəla yetməz olub, tərsə düşübdür kələfin,
Sənə bil olsa kömək, olsa o Tarımdı*, Vətən.

Düzülüb yan-yana yatmış, nə qədər var şəhidin,
Bizə bir and yerimiz, qanlı məzarımdı, Vətən.

Neçə illərdi sənin dərdini dərd eyləmişəm,
Uca dağdım, əridim, başdakı qarımdı, Vətən.

Mənə, Lilparə əgər söyləsələr hardadı can?
Deyərəm, cismi budur, ordakı yarımdı, Vətən.
***
Sənin ey nazlı nigar, hər gecə mehmanın olum,
Dolanım mən başına, bəs necə heyranın olum.

Səni sevmiş bu könül, aşiqi öldürmə, gülüm,
Nə olar, gəl bizə ki, min dəfə qurbanın olum.

Səni əğyar ilə görmüş ürəyim qanə dönüb,
Gəl özün canımı al, qıyma ki, hicranın olum.

Mən olum ovçu, düşüm çöllərə yar eşqi ilə,
Mənə bir yol deyəsən gəl sənə ceyranın olum.

Bu könül zar eləyir, sən təki dildarı görüb,
De mənə bircə kərə, eşqdə dərmanın olum.

Neçə aşiqləri Məcnun elədi, böylə bir eşq,
Məni aləm ki, görür, mən necə pünhanın olum.

Yaz, elə naməni göndər ki, sənin aşiqinəm,
Yetə Lilparə həmən, mən sənin ünvanın olum.
***
Bulaşıb gözlərimə sənsiz olan xatirələr,
Məni tərk etmir axı, könlə dolan xatirələr.

Hər ötən xatirəmin ömrü solan gül kimidir,
Yenə köksümdə yatır, ömrü solan xatirələr.

Yatıram mən gecələr, gözlərimə od çilənir,
Məni səssizcə sıxır, mənlə qalan xatirələr.

Elə sənsiz gəzirəm, bir quru cismimdi qalan,
Üşüdür cismimi ruhumda talan xatirələr.

Necə dözsün bu könül, illərimə il caladı,
O ötən gəncliyimi orda çalan xatirələr.

Neçə illərdi baxıb gözləmişəm, bəlkə dönər,
Nə üçün dönmədi O, döndü yalan xatirələr?

Səni odsuz elə yandırdı, a Lilpar, belə eşq,
Bir də səssizcə susub, dərdə salan xatirələr.
***
Soğulub bağü bəhər, yoxdu o bağlar, nə gəzir?
Nə gözəl çağlar idi, indi o çağlar, nə gəzir?

Yox olub adətimiz, sankı düşüb tərsə dövr,
Dəyişib qanlarımız, qanda o bağlar, nə gəzir?

Atadan, biz babadan aldıq öyüd və nəsihət,
Quruyub köklərimiz, kökdə o tağlar, nə gəzir?

Gedirik marketə, hər növdə təamlar doludur,
Düzülüb yan-yana yağlardı, o yağlar, nə gəzir?

Atırıq Yurdumuzu, başqa diyarlar gəzirik,
Görərik ağ günü biz, bizdə o ağlar, nə gəzir?

Kişi var, qeyrəti yox, arvadı əymiş başını,
Uzadıb saqqalını, qeyrətə bığlar, nə gəzir?

Yaşayıb bizdən əzəl, köhnə müsəlman kişilər,
O zaman başqa idi, orda o vağlar, nə gəzir?

Elə Cəmşidqızını öldürəcək dövran özü,
Azalıb nər kişilər, öldü o sağlar, nə gəzir?
***
Dolmuş gözünün sayəsi, ey gül, gölə bənzər,
Rüxsarini gördüm, nə gözəldir, gülə bənzər.

Zülfün təki olmuşdu pərişan, dəli könlüm,
Sərvində dolanmış kəmərin var, belə bənzər.

Hərdən görürəm, köksümə qonmuş o mələklər,
Oxşar məni gizlində lələklər, ələ bənzər.

Zülmət gecənin ulduzu səndin, mənə baxdın,
Qaşlar qəməri, haləsi neylim, telə bənzər.

Odlandı könül sən təki mahparıni görcək,
Ağzımda yanan atəşi-közdür, dilə bənzər.

Gördükcə o gülçöhrəni yandım, elə yandım,
Saldın məni hicranə ki, cismim külə bənzər.

Lilparə nədən ayrılığı verdin, o gündən?
Sənsiz ötüşən hər günü vallah, ilə bənzər.
***
Qoşulub qarə küləklər gecənin qarəsinə,
Uyuyub zülməti, yetmir bu gecə çarəsinə.

Yenə Ərş iylə Yerin sahibi qəmdir gecələr,
Necə dözsün bu küləklər gecə avarəsinə.

Elə həsrətlə baxır, göydə buludlar tutulub,
Tökülər, məlhəm olar göy çəmənin yarəsinə.

Süzülər yerlərə leysanla məhəbbət yağışı,
Qovuşar bir gecəlik, Yerlə o mah parəsinə.

Yayılar köksünə yağdıqca o məlhəm şirəsi,
Belə səssizcə dönər tər gülü meyxarəsinə.

Məni sıxdıqca sıxır köksümə dolduqca o qəm,
Qovuşum mən gecələr göz yaşı fəvvarəsinə.

O əsən qarə küləklər yenə Cəmşidqızının,
Verə könlün bu gecə, ah, o könül parəsinə.
***
Bitəcəkdir nə zaman Yurda olan həsrətimiz?
Çəkilib Ərşə bu gün əldə olan fürsətimiz.

Vətənin hər daşına can qoyuruq yetmək üçün,
Çəkirik namusunu, var kişilik qeyrətimiz.

Necə həsrət çəkirik, burda Vətən torpağına,
Bizə yaddır deməyin, Yurda olan qurbətimiz.

Qarabağsız yaşamaq bizləri xar etdi bu gün,
Qarabağdır var olan, həm yox olan izzətimiz.

Neçə Babəklərimin tarixi bizlərdə yaşar,
Babalardandı qalan bizlərə bu cür'ətimiz.

Nəbi qeyrətli oğul, biz də Həcərlər doğulub,
Vətəni almaq üçün var döyüşən millətimiz.

Bizə həmrəylik edən millətə ağdır üzümüz,
Tanınir aləmə aləmdə olan ülfətimiz

Təpədən dırnağadək can Vətənə aşiq ikən,
Yaşayar olmaq üçün bax belə hürriyyətimiz.

Yazıram kəlmələri, millətimin var gücüyəm,
Mənə, Lilparə deyin, var belə bir himmətimiz?
***

Zülfüvə, qoyma, yetişsin əli bu şanələrin,
Bir də incitməyəsən könlünü divanəlırin.

Bu nə aləmdi ki həsrət qəmi öldürdü məni
Nədən olmaz ki, Xuda sahibi qəmxanələrin.

Çəkirəm həsrətini,gör necə mən şamü- səhər,
Alışan şəm'i mənəm, hər gecə pərvanələrin.

Elə əfğan eləyir, ah bu könül, çarəsi yox,
Nə çəkir, hər birisi, dəhrdə peymanələrin.

Yazıram hər sözümü məndə bu əsrimdə bu gün,
Çəkirəm surətini mən yenə əfsanələrin.

İçərəm eşq şərabın, yenə sərməst olaram,
Mən özüm sakini ollam elə meyxanələrin.

Yenə Cəmşidqızını kimdi salan eşq oduna?
Yazaram ismini bir-bir, mənə həmxanələrin.
***

Məcnun təki, Leyla təki divanələr olmuş,
Hər vəqti bu aşiqlərə biganələr olmuş.

Sevdim səni, ey gül, qəmi- sevdalərə düşdüm,
Məntək de görüm, sözləri peymanələr olmuş?

Səhralərə düşmüş, nə qədər aşiq olan var,
Bizlərdən əzəl gör neçə əfsanələr olmuş.

Ey şəm'də odlarə yanan, nazlı gözəllər,
Odlarə yanan, mən təki pərvanələr olmuş.

Meyxanələr indi mənə həmxanəyə dönmüş,
Həmdəm mənə ol gözləri məstanələr olmuş.

Məndən soralar, kimdi yazan eşq kitabın,
Əlbət deyərəm, eşqdə fərzanələr olmuş.

Lilparəm, əzəldən bilirəm eşq, məhəbbət,
Vermiş qəmi aşiqlərə, qəmxanələr olmuş.
***
Səpilib gözlərimə hər giləsi xatirəmin,
Səni axtarmaq olub tək çiləsi xatirəmin.

Yuxumu ərşə çəkib, gözlərimə hakim odur,
Oluram hər gecə-gündüz köləsi xatirəmin.

Saralıb yarpağı, yoxdur bəhəri, tənha qalıb,
Çəkirəm surətini mən öləsi xatirəmin.

O gözəl günlərimi aldı fələk, yoxdu bu gün,
İtirib hər günümü, yox beləsi xatirəmin.

Yazılıb yaddaşıma, hey eləyir sorğu-sual,
Məni ağlatdı yaman, bax eləsi xatirəmin.

Silərəm yollarını birdəfəlik köksümdən,
Bizi-bizdən ayırıb tən böləsi xatirəmin.

Elə Lilparə verib dərdü qəmi getdin axı,
Tutaram əllərini sən gələsi xatirəmin.