QƏZƏLLƏR

13 Fevral 2019 16:13 (UTC+04:00)

Böyükağa MÜNTƏZİR

Bəsləyir hər Bakılı ali məhəbbət Bakıya,
Söyləyir seyr eliyən hüsnünü "Cənnət Bakıya".

Bakı canım, nəfəsim, doğma məkanımdu mənim,
Qoyma, ya Rəb, məni bir ləhzə də həsrət Bakıya.

İstəmir kim ki, gəlib, bir daha getsin Bakıdan,
Hər tərəfdən gəlir eşq ilə Cəmaət Bakıya.

Bakı bir güldür, onun bülbüli-şeydası bizik,
Yaradan bəxş eləyib yaxşı təravət Bakıya.

Düzülübdür sıraya kəndləri mirvari kimi,
Bu gözəlliklə olub hamısı zinət Bakıya.

Bir günəş tək Bakı hər yanə saçır öz şəfəqin,
Qoru, ya Rəb, Bakını, dolmaya zülmət Bakıya.

Müntəzir, olsada bihədd sevənlər Bakını,
Bəsləyir hər Bakılı ali məhəbbət Bakıya.

***

Dilbər, sənin ol mah cəmalın nə gözəldir,
Parlaq yanağında qara xalın nə gözəldir.

Ey Yusifi-sani, bu bütün cümlə cahani,
Heyrətdə qoyan hüsnü kəmlaın nə gözəldir.

Hicran gecəsi aşiqinə dərdü bəladır,
Hər dərdə dəva sübhi-vüsalın nə gözəldir.

Öz aşiqini bunca düşünməkdəsən, ey yar,
Fikrində mənəm, fikrü xəyalın nə gözəldir.

Ey gül bu gözəllik sənə bir cahü cəlaldır,
Aləmdə sənin cahü vəlalın nə gözəldir.

Ey Müntəziri dindirərək şad edən afət,
Nitqin nə gözəl, sorğu-sualın nə gözəldir.

***
Ey gül, sənə bənzər, mənə həmdəm çətin olsun,
Bu könlümün əsrarına məhrəm çətin olsun.

Hicran günüdür, getdi vüsalın dəmi, ey dil,
Birdə o həmən gün, o həmən dəm, çətin olsun.

Vüslətdi fəqət ayrılığın dərdinə məlhəm,
Əfsus, mənim dərdimə məlhəm çətin olsun.

Sənki, var idin, bircə qəmim yox idi, indi,
Səndən uzağam, məndən-uzaq qəm çətin olsun.

Qəlbində olar, Müntəzir adəm olanın eşq,
Könlündə kimin eşqi yox, adəm çətin olsun.

***
Saldı ol yar məni atəşəi-hicranə yenə,
Canım həsrət qalıb o sevgili cananə yenə.

Ağlayar bülbül əgər düşsə cüda gülşəndən,
Necə gör qalmışam həsrət güli-xəndanə yenə.

Düşmənim halımı görcək, sevinib güldü mənə,
Rəqibin tə'nələri yığdı məni canə yenə.

Məni rüsvayi-cahan eyləyən əfğanımdır,
Sirrimi faş elədi hər tərəf, hər yanə yenə.

Eşidib Müntəzirin ahu fəğanın bir dəm,
Bir nəzər, kaş, qılaydı ona canənə yenə.

***
Ey huri mələkdən də, gözəl yar,
Nolar geri dön, sevgili dildar.

Bir dəf'ə savab eylə, qayıt gəl,
İnsaf elə, gəl olma sitəmkar.

Rəhm eylə, xilas et məni qəmdən,
Tez gəl ki, həsəddən yana əğyar.

Billəm gələcəksən var ümüdüm,
Səndə gözəlim, çünki vəfa var.

Rahində sənin Müntəzirəm mən,
Tez dön geri, ey yari-vəfadar.