Naxçıvan ölkəmizin iqtisadi qüdrətinin artırılmasına dəyərli töhfələrini verir Naxçıvan -95

12 Fevral 2019 19:04 (UTC+04:00)

Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda, parlaq inkişaf yolu keçmişdir. Əsrlərdən bəri Şərq aləminin elmi-mədəni mərkəzlərindən biri kimi şöhrət tapan bu diyara, 95 il bundan əvvəl, Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir.

Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu, mürəkkəb və eyni zamanda, şərəfli bir yol qət etmişdir. Naxçıvanın muxtariyyəti asanlıqla qazanılmayıb. Beynəlxalq Qars müqaviləsi 1921-ci ildə imzalansa da, Naxçıvana 3 il sonra, 1924-cü ildə muxtariyyət verilib. Naxçıvanın muxtariyyəti çətin sınaqlardan keçərək, gərgin hərbi-siyasi və diplomatik mübarizələr nəticəsində əldə olunub. Naxçıvanın muxtariyyəti tarixi zərurət idi. Tarixi mənbələrə əsasən, deyə bilərik ki, 1919-cu ildə Zəngəzur mahalı Ermənistana veriləndən sonra Naxçıvan ölkənin əsas ərazisindən təcrid olunmuşdu. Regionda marağı olan böyük dövlətlər İrəvan və Zəngəzur kimi Naxçıvanı da ermənilərə güzəştə getmək istəyirdilər. Erməni yaraqlıları əhalini qorxu içərisində saxlayır, soyqırımı törədir, torpaqların boşaldılmasına çalışırdılar. Buna baxmayaraq, nə böyük dövlətlərin siyasi və diplomatik təzyiqi, nə aclıq və səfalət, nə də ermənilərin aramsız hərbi müdaxiləsi naxçıvanlıların iradəsini sındıra, Azərbaycanla bir olmaq istəyinin qarşısını ala bilmədi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında deyirdi ki, hökumət yaranmış şəraitdə Naxçıvana real yardım göstərə bilmədi: "İgid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq, doğma torpağa - Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar".

Ümummilli Lider Heydər Əliyev Naxçıvanın muxtariyyət tarixinin çətin sınaqlardan keçdiyini nəzərdə tutaraq, eyni zamanda, bu muxtariyyətin qazanılmasında fədakarlıq göstərənlərin əməyini yüksək qiymətləndirərək deyirdi: "Naxçıvana muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan məsələ deyildi. Amma o vaxt milli mənafeyini qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm... Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada salınmalı və tariximizə daxil olmalıdırlar".

Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Naxçıvan Azərbaycan xalqına Böyük Şəxsiyyət Ulu Öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. Naxçıvanın muxtariyyət tarixinin 1969-1987-ci illəri əhatə edən dövrü dirçəliş dövrüdür. Bu dövrdə Böyük Dövlət Xadimi Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə doğma Azərbaycanımız, onunla birlikdə isə, Naxçıvan Muxtar Respublikası da özünün əsl inkişafına qovuşmuşdur. 1969-1987-ci illərdə Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrilmişdir. Naxçıvanın sənayeləşdirilməsinin əsası qoyulmuş, 21 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Naxçıvan böyük tikinti meydançasına çevrilmiş, 45 min nəfər əhalinin yaşadığı yeni massivlər salınmış, şəhər və rayonların, ucqar dağ kəndlərinin infrastruktur sahələri yenilənmiş, təhsil, səhiyyə və mədəniyyət müəssisələri tikilmiş, köhnə kəndli komalarının yerində müasir üslubda abad evlər ucaldılmışdı.

1992-ci ilin noyabrında Naxçıvan şəhərində Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının əsası qoyulmuşdur. Həmin dövrdə Naxçıvan bütün ölkədə milli-demokratik hərəkatın mərkəzi, möhkəm dövlətçiliyin, siyasi sabitliyin mövcud olduğu bir bölgə idi. XX əsrin 90-cı illərinin əvvəlində, SSRİ-nin süqutu ərəfəsində yaranmış şəraitdən istifadə edən Ermənistan Azərbaycana qarşı açıq silahlı təcavüzə başlayanda, Naxçıvan Muxtar Respublikası da çətin sınaq qarşısında qaldı. Diyarı Azərbaycanın əsas ərazisi ilə birləşdirən yollar bağlandı, Naxçıvan blokada şəraitində yaşamağa başladı. Belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu qədim torpağını erməni işğalı təhlükəsindən xilas etdi.

1993-2003-cü illərdə də Ulu Öndər Heydər Əliyev bu diyardan qayğısını əsirgəmədi. Onun Azərbaycana ikinci dəfə rəhbərliyi dövründə muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində qərarlar qəbul olundu.

Ümummilli Lider tərəfindən əsası qoyulan bu işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Naxçıvan diyarını yeni inkişaf mərhələsinə çıxarıb. İndi Naxçıvan Muxtar Respublikası milli dövlət quruculuğu prosesinin fəal iştirakçısıdır, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir.Bir sıra göstəricilərə görə, muxtar respublika ölkənin başqa regionlarından öndə gedir. Prezident İlham Əliyev qədim diyara səfərlərinin birində vurğulamışdır ki, mən hər dəfə Naxçıvana gələndə, yeni obyektlərin açılışında iştirak edəndə, çox sevinir və qürur hissi keçirirəm ki, Azərbaycanın qədim torpağı olan Naxçıvanda belə gözəl işlər görülür.

Azərbaycanın, hər yerində olduğu kimi, bu gün Naxçıvan Muxtar Respublikası da yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarını birində qeyd etdiyi kimi, Naxçıvan şəhəri, bütün şəhərlər abadlaşır, gözəlləşir, çox böyük quruculuq və yaşıllaşdırma işləri aparılır: "Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır".

Son illərdə Naxçıvanda sənayedə, tikintidə, iqtisadiyyatda və sosial həyatın bütün sahələrində böyük uğurlar qazanılıb. Qəbul edilən dövlət proqramları vaxtında icra olunub və nəzərdə tutulmuş tədbirlərin, infrastruktur layihələrinin reallaşdırılması təmin edilib və sosial-iqtisadi həyatın bütün istiqamətləri üzrə müsbət dinamika əldə olunub. Belə ki, Naxçıvanda bütün qəsəbə və kəndlər müasirləşib, yenidən qurulub və asfalt yollar salınıb. Son illər muxtar respublikanın kəndlərində dövlət dəstəyi və güzəştli şərtlərlə verilən kreditlər hesabına yüzlərlə kiçik istehsal və emal müəssisəsi yaradılıb. Bu gün Naxçıvanda sənayenin və aqrar sahənin inkişafı yeni sahibkarlar təbəqəsi yaradıb.

Qədim tarixə malik olan Naxçıvanı sivilizasiyanın beşiyi adlandırırlar. Yaşı əsrlərlə ölçülən qədim türbə və tikililər, daş kitabələr özündə sivilizasiyanın ilkin mərhələlərinin əks etdirir. Qədim qalalar Naxçıvanın min illərin o üzündə qalmış tarixindən xəbər verir. Həm yazılı mənbələr, həm də burada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri, bu gün də qorunub-saxlanılan neçə-neçə abidə, bir daha sübut edir ki, bu diyarda şəhər mədəniyyətinin tarixi 5 min ilə yaxındır.

Son illər muxtar respublikada Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı mindən artıq kitab nəşr edilib, bir-birindən əhəmiyyətli beynəlxalq simpoziumlar və elmi konfranslar keçirilib, 1200-dən çox yerli, ölkə və dünya əhəmiyyətli tarixi abidə öyrənilərək pasportlaşdırılıb. Azərbaycan memarlığında özünəməxsus yeri olan bu abidələr tarixdə Naxçıvan memarlıq məktəbinin nümunələri kimi yaşayır. Bu gün Naxçıvanda dünya memarlıq məktəbinin şah əsəri olan bu qiymətli tarixi tikililər qorunaraq və əsaslı surətdə bərpa olunaraq, gələcək nəsillərə ötürülür.

Naxçıvan memarlığının nadir inciləri hər zaman diqqətdə saxlanılır. Azərbaycan xalqının qədim tarixini və mədəniyyətini özündə yaşadan Naxçıvan əbəs yerə 2018-ci il üçün "İslam Mədəniyyətinin Paytaxtı" seçilmədi. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması bir tərəfdən bu qədim türk yurdunun zəngin tarixi-mədəni irsi ilə bağlı idisə, digər tərəfdən də, müasir dövrdə bu dəyərlərin qorunub-yaşadılması sahəsində görülən işlərin nəticəsi idi.

İslam dünyasında mühüm coğrafi və strateji mövqeyə malik olan Naxçıvan şəhəri islam alimləri tərəfindən yüksək qiymətləndirilib. Həmçinin, Naxçıvan Şərq və Qərb, Avropa və Asiya arasındakı tarixi ticarət yollarının, mədəniyyət və təhsil əlaqələrinin kəsişməsində yerləşir. Tarix boyu Azərbaycan xalqının mühüm tarixi-mədəni irsinin yaşadıldığı Naxçıvan mədəniyyət və sivilizasiyalar arasında təmas vasitəsi olub və mühüm körpü funksiyasını yerinə yetirib. Özünün fərqli təbii, iqtisadi və mədəni potensialı olan Qədim Azərbaycan şəhəri Naxçıvan öz zəngin maddi və qeyri-maddi mədəni irsini keçmişin təcrübəsindən faydalanaraq qoruyur və gələcəyə çatdırır.

Naxçıvan qədim tarixi və zəngin mədəniyyəti, müasir iqtisadi imkanları və inkişafı ilə İslam Mədəniyyətinin Paytaxtı statusunu ləyaqətlə dünyaya nümayiş etdirdi. Həmçinin, 2018-ci ilin 26 noyabr - 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-Maddi-Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. Məqsəd ölkəmizin qədim və tarixi ərazisi olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda, bu ənənələri UNESCO səviyyəsində qorumaqdan ibarətdir. Naxçıvanın İslam Mədəniyyət Paytaxtı olması bir illə məhdudlaşmır. Çünki Naxçıvan islam sivilizasiyanın tarixi mədəni mərkəzlərindən biri olub və bundan sonra da bu adı əbədi qoruyub-saxlayacaq. Naxçıvanda tarixin və mədəni irsin qorunub-saxlanılması və təbliği sahəsində kompleks işlər görülür.

Zümrüd BAYRAMOVA