Qocaman neftçini 90 illik yubileyi münasibətilə təbrik etdilər

12 Fevral 2019 18:32 (UTC+04:00)

Bu günlərdə 90 yaşı tamam olan qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ağasiyev Riza-Kulu Abdul Kasım oğlunun yubileyi münasibətilə Dövlət Neft Şirkətinin vitse-prezidenti David Məmmədov və şirkət rəhbərliyinin nümayəndələri yubilyarı evində ziyarət edib, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və çoxminli neftçilər ailəsinin təbriklərini çatdırıb.

Şirkətdənbildirilib ki, qocaman neftçi son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında neft, neft-kimya sənayesinin inkişafı istiqamətində görülmüş işlərdən bəhs edib, ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

R.Ağasiyev o vaxtkı Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra ömrünü neft emalı və kimya sənayesi ilə bağlayıb. Əmək fəaliyyətinə neft emalı zavodunda operator vəzifəsində başlayıb, Sumqayıt Kimya Kombinatının direktoru vəzifəsinədək yüksəlib. İyirmi beş il Neftayırma və neft kimyası müəssisələrinin layihələndirilməsi İnstitutunun direktoru olan R.Ağasiyev Bakıdakı neft emalı zavodlarının yenidən qurulması ilə yanaşı, Volqoqrad, Fərqanə, Türkmənbaşı, Çimkənd və sair şəhərlərdə yeni neftayırma zavodlarının layihələndirilməsi və istismarı prosesində yaxından iştirak edib. R.Ağasiyevin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, “Şöhrət”, Azərbaycanın Əməkdar səmərələşdiricisi fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.