İnternet mediasının inkişafı prioritetlik təşkil edir AKTUAL

12 Fevral 2019 16:27 (UTC+04:00)

Əsas məsələlərdən digəri isə, maliyyələşəcək qəzetlərin sayını azaltmaq deyil, daha keyfiyyətli qəzetçiliyə dəstək olmaqdır

Artıq illərdir ki, medianın inkişafı və bu sahənin daha böyük uğurlara imza atması üçün müvafiq tədbirlər görülür, xüsusilə dövlətin apardığı çoxşaxəli siyasətində bu amilə diqqət yetirilir. Əbəs deyil ki, KİVFD-nin həmin istiqamətdə apardığı davamlı, ardıcıl işləri istər qəzetçiliyin, istərsə də internet mediasının inkişafı baxımından bir çox nailiyyətlərə imza atıb.

Digər tərəfdən, daha bir amil budur ki, zaman inkişaf etdikcə, informasiya texnologiyalarına da ehtiyac artır və bu inkişaf trayektoriyasının əhatəsi genişlənir. Artıq o da bir fakta çevrilib ki, cəmiyyəti informasiya ilə təmin edən əsas məqam bilavasitə internet resurslarıdır. Belə ki, bunu daim nəzarətində saxlayan Azərbaycan dövləti mediaya mütəmadi dəstəyini əsirgəmir.

İnternet mediasında hüquqi prosedurların təkmilləşdirilməsinə ehtiyac var və müvafiq addımların atılması zərurəti yaranıb

Əbəs deyil ki, Mətbuat Şurasının İdarə heyətinin toplantısında da bu kimi vacib məsələlərə toxunulub, həmçinin qeyd olunub ki, qarşıda duran başlıca vəzifələrdən biri internet medianın özünə hüquqi münasibətlər sistemində yer tutmasıdır. “Bəzi qanunlarda ayrı-ayrı müddəalar yer alsa da, məsələ ümumi xarakter daşıyır, internet medianın təşkilati-hüquqi forması müəyyənləşdirilməmiş qalır”, deyə qeyd edilən iclasda bu məsələnin tezliklə həllini tapması üçün müvafiq qurumlara müraciət olunmasının zəruriliyi diqqətə çatdırılıb, qeyd olunub ki, MŞ mövcud istiqamətdə hazırladığı təkliflər sırasında internet media ilə bağlı ayrıca qanunun olması da şərtdir. Beləliklə, onu da qeyd edə bilərik ki, hüquqi prosedurların təkmilləşdirilməsinə ehtiyac var və müvafiq addımların atılması zərurəti yaranıb.

Söz yox ki, internet mediasının tərkib hissələrindən biri də sosial mediadır və informasiyaların əsas yükü saytlarla yanaşı, sosial mediaların da üzərinə düşdür, ona görə də, hər hansı bir ayrıca qurumun yaradılması və bu istiqamətdə fəaliyyətini reallaşdırması inkişaf edən medianın tələbləri sırasındadır.

Qəzetçilik baxımından media bazarının gücləndirilməsi vacib şərtlərdəndir

Bu arada onu da qeyd etmək mümkündür ki, print-media sahəsində KİVDF tərəfindən qəbul edilən müvafiq qərar, eləcə də qəzetçilik fəaliyyətinin davam etdirilməsi üçün irəli sürülən təkliflər öz münbitliyi ilə seçilir. MŞ-nın iclasında bununla bağlı bildirilib ki, qəzetçilik baxımından media bazarının gücləndirilməsi vacib şərtlərdəndir. Misal üçün, əvvəllərdə olduğu kimi, qəzetlərin metro stansiyalarının çıxışında və insanların sıx toplaşdıqları digər yerlərdə satışı təşkil olunmalı, o cümlədən səyyar satış bərpa olunmalıdır. “Elə mühit yaradılmalıdır ki, hazırkı durumda dövlət dəstəyindən faydalanmaq şansı olmayan nəşrlərin gələcəkdə buna imkan əldə etmələrinə şərait yaransın. Belə olduqda onlarda fəaliyyət üçün stimul yaranacaq. Bu isə öz növbəsində rəqabət formalaşdıracaq”, təkliflərdə vurğulanıb.

Dövlət, medianın tərəqqisi üçün davamlı addımlar atır və bu addımlar Azərbaycanın internet və qəzetçilik mediasının birgə inkişafına öz töhfələrini verir

Bu, həm də belə qənaətə gəlməyə əsas verir ki, KİVDF-nin maliyyələşmə şərtlərində dəyişiklər etməsi yeni dövrün tələbindən irəli gələn zərurətdir. Yəni, əsas məsələlərdən biri maliyyələşəcək qəzetlərin sayını azaltmaq deyil, daha keyfiyyətli qəzetçiliyə dəstək olmaqdır. Buna görə də yalnız tiraj və yayım yox, eyni zamanda məzmun məsələsi də ön planda olmalıdır. Bu baxımdan, MŞ-nın idarə heyətinin üzvləri mövcud məqama xüsusi diqqət yetirərək bildiriblər ki, internet medianın geniş vüsət aldığı hazırkı şəraitdə oxucu xəbər saytlarındakı informasiyanı yenidən qəzetdə görmək istəməz. Deməli, yeni dövrün tələbləri qəzetçiliyə də yeni yanaşmanı gətirməlidir və bu yol dünyanın bir çox qabaqcıl ölkələrində gedilir.

Söz yox ki, dövlət, medianın tərəqqisi üçün davamlı addımlar atır və bu addımlar Azərbaycanın internet və qəzetçilik mediasının birgə inkişafına öz töhfələrini verir.

Rövşən NURƏDDİNOĞLU