YAP Binəqədi rayon təşkilatında "Vətən sizə əmanətdir!" adlı layihə reallaşdırılıb

12 Fevral 2019 15:24 (UTC+04:00)

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyinin təşkilati dəstəyi ilə «Vətən sizə əmanətdir!» adlı layihə reallaşdırılıb.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibatı binasında keçirilən təqdimat mərasimində tədbiri giriş sözü ilə açan layihə rəhbəri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Fəsli Nəbiyev çıxışında Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib və layihə haqqında iştirakçılara məlumat verib. Bu kimi layihələrin gənclər üçün önəmini vurğulayan F.Nəbiyev bildirib ki, «Vətən sizə əmanətdir!» layihəsinin əsas məqsədi gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması və təbliğ edilməsindən ibarətdir.
Daha sonra «Vətən sizə əmanətdir!» layihəsi çərçivəsində çəkilən sosial video çarx nümayiş etdirilib. Sosial video çarxda ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş oğullarımızın, xüsusilə, 2016-ci ilin aprel ayında cəbhədə şəhid olmuş Emil Bağırov və Fəxrəddin Qurbanovun xatirəsi yad edilib, onların qəhrəmanlıqlarının gənc nəslin vətənpərvər ruhda yetişməsi baxımından önəmi vurğulanıb.
Tədbirdə çıxış edən layihə iştirakçıları Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan bütün oğul və qızlarımızın xatirəsinin xalqımızın qəlbində yaşayacağını vurğulayaraq, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində, tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin olduqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.

ZÜMRÜD