Boksçularımız “Strandja” turnirində yarışacaqlar

12 Fevral 2019 15:17 (UTC+04:00)

Fevralın 13-dən 20-dək Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri keçiriləcək. Azərbaycan Boks Federasiyasından SİA-ya verilən məlumata görə, 70-ci dəfə keçiriləcək yarışda həm kişilər, həm də qadınlar 10 çəki dərəcəsində güclərini sınayacaqlar.

Azərbaycan kişi boksçuların mübarizəsində tam heyətlə təmsil olunacaq. Vaqif Şirinovun rəhbərlik etdiyi məşqçilər korpusu Sofiyada Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Sərxan Əliyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Qadınlardan ibarət yığmamızın baş məşqçisi Elbrus Rzayev isə “Strandja” turnirində üç idmançını sınaqdan keçirəcək. Bolqarıstanda Anaxanım Ağayeva (51 kq), Məryəm Cəbrayılova (69 kq) və Aynur Rzayeva (75 kq) rinqə çıxacaqlar.