Maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyət aradan qaldırıldı

12 Fevral 2019 14:27 (UTC+04:00)

Azərbaycanda maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyət aradan qaldırılıb. SİA-nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2020-ci ilin sonuna qədər dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə icazə verilir. Təklif edilən dəyişikliyə əsasən, bu siyahıya maliyyə bazarlarında aparılan yoxlamalar da əlavə edilib. Həmçinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna da dəyişiklik edilməsi təklif olunur ki, bu qanun maliyyə bazarlarındakı yoxlamalara şamil edilməsin. Dəyişikliklər səs qoyularaq qəbul edilib.