İtaliyalı fermerlər südü yollara tökürlər ETİRAZ AKSİYASI+FOTOLAR

12 Fevral 2019 10:09 (UTC+04:00)

İtaliyalı fermerlər tonlarla südü yola töküblər. SİA xəbər verir ki, bu barədə “Mir24” telekanalı məlumat verir. Belə ki, fermerlər məhsulun ucuz qiymətə alınmasına qarşı bu cür etirazlarını bildiriblər. Narazılar çənlərlə südü avtomagistrala tökərək, hətta sürücülərə belə, aman verməyiblər. Ağ dalğa isə körpü altından keçən maşınların üzərinə dağılıb.

İstehsalçılar alış qiymətinin artırılmasını, bir litrə 70 avrosentin ödənilməsini tələb edirlər. Hazırda isə, bu qiymət 60 avrosentdir. Etirazçı fermerlər bildirirlər ki, razılığa gəlinməyənə qədər onlar süd məhsullarını bu cür yollarla məhv edəcəklərini bəyan edirlər.

“Ya vəziyyət dəyişəcək, ya da biz südü yerə tökməyə davam edəcəyik. Belə ucuz qiymətə məhsullarımızı satmaq fikrində deyilik. 1970-ci ildə südün bir litri 50 sent idi, indi isə 60. Görün neçə il keçib”, deyə etirazçılardan biri bildirib.

Qeyd olunur ki, etiraz aksiyaları bütün Sardiniya adasını əhatə edib. Bir müddət öncə isə, fermerlər öz məhsullarını nəhəng süd kombinatlarından birinin divarlarına və pəncərələrinə töküblər.