Fransuaz Kayet Dönübur: "Azərbaycan qadınlarının cəsarətinə, qətiyyətinə heyranam"

11 Fevral 2019 23:03 (UTC+04:00)

“Azərbaycan: dünənin qadını” kitabının hazırlanmasında əməyimin olmasından çox şadam. Bu kitab mənə Azərbaycan qadınlarını tanımağa imkan yaratdı. Azərbaycan qadınlarının cəsarətinə, qətiyyətinə heyranam.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Azərbaycan: dünənin qadını” kitabının Parisdə keçirilən təqdimat mərasimində nəşrdəki rəsmlərin müəllifi olan Fransuaz Kayet Dönübur söyləyib. O bildirib ki, bu kitab sayəsində Azərbaycan qadınları haqqında ətraflı məlumat əldə edib. “Mənim üçün yenilik oldu. Çox xoş təəssüratlarım yaranıb. Mən bu qadınların müsəlman ölkəsində yaşamalarını heç təsəvvür edə bilməzdim. Kitabda tarixin müxtəlif dövrlərində cəsarəti ilə fərqlənən qadınlar haqqında məlumat yer alıb. Azərbaycan qadınlarının hətta fransız qadınlardan əvvəl səsvermə hüququ alması fövqəl bir hadisədir”, - deyə F.K.Dönübur qeyd edib. O, kitabda haqqında məlumat verilən azərbaycanlı qadınların rəsmlərini çəkdiyini vurğulayaraq, həmin anda özünü bu qadınlar kimi təsəvvür etdiyini bildirib.