Cənubi Qafqazın geosiyasi arxitekturası: lider Azərbaycan və təcrid olunmuş Ermənistan

11 Fevral 2019 20:01 (UTC+04:00)

“Newtimes.az” portalında “Cənubi Qafqazın geosiyasi arxitekturası: lider Azərbaycan və təcrid olunmuş Ermənistan” sərlövhəli məqalə dərc edilib. Məqaləni təqdim edirik.

Son günlər Ermənistan mətbuatında N.Paşinyan hakimiyyətinin siyasətini tənqid edən yazıların sayı artıb. Ekspertlər rəsmi İrəvanın səriştəsiz xarici siyasət yeritdiyindən daha açıq bəhs edir, baş nazir N.Paşinyanın xalqla qeyri-səmimi davrandığı barədə yazırlar. Konkret olaraq erməni ictimaiyyətinin Dağlıq Qarabağla bağlı danışıqlarda nələrin müzakirə edildiyindən xəbərdar olmadığı haqqında informasiyalar yayılır. Hakimiyyət nümayəndələrinin bunları gizlətməsinin səbəbini anlamağa çalışırlar. Burada maraqlı olan özünü xalqın içindən çıxmış siyasətçi hesab edən və bu şüar altında hakimiyyətə yiyələnən N.Paşinyanın reallığı xalqdan gizlətməsidir. Aydın görünür ki, baş nazir və komandası öz cəmiyyəti ilə səmimi olmağı bacarmır. Səbəb nədir? Bu sualın təhlili üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.

Dalana aparan yol: Davosdan sonrakı gizlinlər

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Davos görüşü erməni tərəfi üçün bir kabusa dönüb. Onlar nələrin müzakirə olunduğu barədə təlaşla bəhs edirlər. Erməni ekspertlər hesab edirlər ki, N.Paşinyan hansısa məqamları ictimaiyyətdən gizlədir. Buna səbəb baş nazirin özünün müəmmalı fikirlər söyləməsidir. Çünki Davosdan birbaşa Moskvaya gedən N.Paşinyanı Rusiya Prezidenti Vladimir Putin qəbul etməyib. Baş nazir Dmitri Medvedevlə görüşən erməni hökumətinin rəhbəri yenə də konkret heç nə ifadə edə bilməyib. Jurnalistlərə isə bəyan edib ki, İlham Əliyevlə Davosda “əlbəttə, Qarabağ münaqişəsi haqqında danışdıq. Faktiki olaraq bu, rəsmi müzakirə deyildi, qeyri-rəsmi ünsiyyət idi” (bax: Никол Пашинян о встрече с Ильхамом Алиевым / Lragir.am, 25 yanvar 2019).

Dağlıq Qarabağ ətrafında Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması ilə bağlı verilən suala isə onun cavabı belə olub ki, “Arsaxı (Dağlıq Qarabağ nəzərdə tutulur – red.) təmsil etmir və ancaq Ermənistanın adından danışa bilər” (bax: əvvəlki mənbəyə). Ekspertlər bu cavabı N.Paşinyanın sualdan yayınması və baş aldatması kimi qiymətləndiriblər. Maraqlıdır ki, hətta ermənipərəst rusiyalı ekspertlər Davos görüşündən sonra N.Paşinyana “söz hücumu” ediblər. Stanislav Tarasov daha irəli gedərək iddia edib ki, yazda Ermənistanla Azərbaycan arasında saziş imzalanacaq, ermənilər yeddi rayonu Azərbaycana qaytaracaq və əvəzində Türkiyə parlamenti məlum protokolları təsdiqləyəcək ki, bununla da kommunikasiya xətləri açılacaq.

Bütün bunlara N.Paşinyanın RBK telekanalına verdiyi müsahibədə “Biz Ermənistandan keçən tranzit neft-qaz layihələrində çox maraqlıyıq” deməsi əlavə olunub. Bunu ekspertlər erməni baş nazirin dolayı etirafı kimi qiymətləndiriblər. Belə ki, N.Paşinyan təəssüflə Ermənistandan ən kiçik boru xəttinin belə keçmədiyini boynuna alır. İndi isə Rusiyaya, İrana və Avropa İttifaqı ölkələrinə yalvarır ki, Ermənistandan “hansısa tranzit boru xətti inşa edilsin və hansısa A nöqtəsindən B nöqtəsinə qaz və ya neft nəql edilsin”. Bu halda təbii ki, belə bir sual meydana gəlir: “indiyə qədər Ermənistandan belə bir boru xətti niyə keçməyib?”

Bunun cavabı aydındır: çünki Azərbaycanın ərazisinin 20 faizini Ermənistan məhz havadarlarının köməyi ilə işğal edib və həmin torpaqlardan çıxmaqdan boyun qaçırır. Deməli, dolayısı ilə N.Paşinyan Ermənistanın xarici siyasətinin reallığa əsaslanmadığını etiraf edib. Hətta bir sıra erməni ekspertlər bunu açıq deməyə başlayıblar. Məsələn, Hrant Məlik-Şahnazaryan “İrates” qəzetinə müsahibəsində bu barədə konkret fikirlər söyləyib. O deyib ki, Ermənistanın “xarici siyasəti tamamilə iflasa uğrayıb” (bax: “Иратес”: Внешняя политика полностью потерпела крах – Грант Мелик-Шахназарян / Tert.am, 1 fevral 2019).

Belə mövqedə olan ekspertlər az deyil. Onlar hesab edirlər ki, Dağlıq Qarabağla bağlı aparılan danışıqların məzmununu N.Paşinyan gizlədir. Bu da Ermənistan vətəndaşlarında və Xankəndidə separatçı-terrorçu kütlədə təlaş yaradır. Onlar nə baş verdiyini anlaya bilmirlər. İnformasiyaların kasadlığı “müxtəlif bədbin hipotezlərə əsas yaradır” (bax: əvvəlki mənbəyə). Dağlıq Qarabağdakı separatçı-terrorçu yığınağının da danışıqlarda nələrin müzakirə olunduğundan xəbərsiz olması barədə məlumat verməsi bu təəssüratı daha da gücləndirib (bax: əvvəlki mənbəyə). O cümlədən baz nazirlə xarici işlər nazirinin dedikləri bir-biri ilə ziddiyyət təşkil edir. Xarici işlər naziri Azərbaycan tərəfi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar tam formatlı danışıqlar apardığını deyirsə, baş nazir “ancaq Ermənistanı təmsil edirəm” söyləyir, yəni özünü kənarda tutmağa çalışır. Bunun fonunda Davosda İlham Əliyevlə danışıqlara can atır. Bu ziddiyyətin səbəbi nədir? Erməni ekspert sualın cavabını bilmir.

İki fərqli rəhbər: Bakının uğurları, İrəvanın iflası fonunda

Sonra ifadə edilir ki, N.Paşinyan 1 ildir ki, ABŞ-ın rəhbərliyi ilə görüşə bilmir. Lakin Prezident Donald Tramp İlham Əliyevə bir neçə dəfə məktub yazıb, Con Bolton da həm görüşüb, həm də yanvarın 29-da Azərbaycan Prezidentinə zəng edib. Erməni ekspert bununla əlaqədar sual edir: N.Paşinyanla ünsiyyətə həvəsli olmayan Vaşinqton İlham Əliyevə zəng etməklə hansı məqsədi ortaya qoyur? Məsələ ondan ibarətdir ki, C.Bolton söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən enerji təhlükəsizliyini, təhlükəsizlik sahəsində əməkdaşlığı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini Azərbaycanın dövlət başçısı ilə müzakirə edib.

Deməli, Amerika tərəfi əmindir ki, Ermənistan və Azərbaycan rəhbərliyi münaqişənin həlli ilə bağlı danışıqlar aparırlar. Bu prosesdə Azərbaycanın mövqeyinə xüsusi diqqət yetirilir, çünki məhz Azərbaycan daim sülh və barış prinsipi ilə çıxış edir, regional əməkdaşlıq üçün real addımlar atır. Belə olduğu halda, N.Paşinyanın da enerji marşrutlarından danışması nəyi ifadə edir?

Bütün bunlardan H.Məlik-Şahnazaryan belə qənaətə gəlir ki, Ermənistanın xarici siyasəti dalana dirənib. Onu artıq nə Qərb, nə Rusiya, nə də İran ciddi qəbul etmir. Rusiya ilə münasibətlərin hazırkı vəziyyəti məlumdur. Müşahidələr göstərir ki, ABŞ və Avropa da Ermənistana ciddi münasibət göstərmirlər. İran haqqında da indiki erməni iqtidarının yüksək vəzifəli şəxsləri ziddiyyətli fikirlər söyləyirlər. Görünür, onlar Amerika ilə İranın maraqlarını balanslaşdırmağa çalışırlar, lakin bu da qeyri-peşəkar səviyyədə həyata keçirildiyindən əksinə işləyir. Buradan da ümumilikdə Ermənistanın xarici siyasətinin tam iflasa uğradığı nəticəsini çıxarırlar (bax: əvvəlki mənbəyə).

Bunlar bütövlükdə Cənubi Qafqazda geosiyasi mənzərə barədə təsəvvürlər əldə etməyə əsas verir. Aydın görünür ki, Ermənistanın siyasi rəhbərliyi çox çətin və ziddiyyətli vəziyyətə düşüb. O, atdığı addımları erməni cəmiyyətindən gizlətməyə məcburdur. Səbəbi ondan ibarətdir ki, uzun illərdir apardıqları təbliğatın tamamilə yalan üzərində qurulduğu aydınlaşır. Rəsmi İrəvan təcrid olunduğunu etiraf etməsə də, öz vətəndaşlarını Azərbaycan ərazisində ikinci erməni dövləti qurduğu ilə çaşdırsa da, indi bu manevrləri edə bilmir. Bunu təsdiq edən ən azı iki əlamət mövcuddur.

Birincisi, Azərbaycan bütün sahələrdə, o cümlədən ordu quruculuğunda Ermənistandan dəfələrlə irəlidə olduğunu əyani göstərib. Bu, həm yeni silahlarla təminatda, həm də Aprel və Naxçıvan döyüşlərində özünü göstərdi. Hər iki döyüşdə Azərbaycan Ordusu hərbi-texniki, strateji və taktiki baxımdan Ermənistandan xeyli güclü olduğunu sübut etdi. Açıq deməsələr də, bu məqam Ermənistan rəhbərliyinə anlatdı ki, artıq hərbi gücə arxalanmaq mümkün deyildir. İstənilən anda Azərbaycan Ermənistanı məhv edə bilər.

İkincisi, Azərbaycan xarici siyasətdə o dərəcədə uğurludur ki, hətta Ermənistanla eyni hərbi-iqtisadi blokda təmsil olunan dövlətlər belə onu müdafiə edirlər. Bu barədə erməni ekspertlər dərin təəssüf hissi ilə danışırlar. Rusiya, Belarus və Qazaxıstan Azərbaycan Prezidenti ilə daha çox ünsiyyətdə olur, onunla əməkdaşlığı inkişaf etdirirlər. Bunun fonunda isə N.Paşinyanla görüşməyə belə həvəsli görünmürlər.

Amerika və Avropa ölkələri də Azərbaycanla əməkdaşlığa çox ciddi münasibət göstərirlər. Onlar Azərbaycanın dünyanın enerji xəritəsini dəyişdiyinə yüksək qiymət verirlər. N.Paşinyan isə real heç nə əldə edə bilmir. Son olaraq o, Almaniyaya səfər edib. Lakin hansı konkret nəticəyə nail olub? Aİ-nin Azərbaycana qoyduğu sərmayələr dəfələrə çoxdur.

Bunlardan belə çıxır ki, Cənubi Qafqazda artıq lider dövlət kimi Azərbaycan geosiyasi arxitekturanın yenidən qurulmasında aparıcı rol oynayır. Ermənistan isə heç olmasa müəyyən dərəcədə iştirakçı olmağa cəhdlər edir. Enerji marşrutlarından rəsmi İrəvanın kədərlə bəhs etməsi məhz bunun əlamətidir. Lakin Ermənistanın bundan sonra da tam kənarda qalmaması yalnız bir şərtlə mümkün ola bilər: işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etsin! Başqa heç bir amil, hətta havadarlarının yardımı və dəstəyi belə Ermənistanı tənəzzüldən və siyasi xaosdan xilas edə bilməyəcək. Bunu dünya ictimaiyyəti dərk edir, qalır Ermənistan rəhbərliyi.

Newtimes.az