UNEC-in Türk Dünyası İqtisad Fakültəsinə yeni dekan təyin olundu

11 Fevral 2019 17:14 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinə (TUDİFAK) yeni dekan təyin olunub. SİA-nın verdiyi məlumata görə, UNEC-in rektoru, professor Ədalət Muradov Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közhan Yazgan və TUDİFAK-ın yeni türk dekanı, Prof.Dr. Hayati Beşirli ilə görüşüb.

UNEC-in ölkənin Türkiyə türkcəsində təhsil verən yeganə ali təhsil müəssisəsi olduğunu diqqətə çatdıran Ə.Muradov TUDİFAK-ınkeyfiyyətli təhsil və tədrisi ilə hər zaman öndə olduğunu bildirib. Fakültədə yerli müəllimlərlə yanaşı, Türkiyədən dəvət olunan professorların tədrisə cəlb olunduğu bildirən rektor, yeni tədris ilində 8 gənc müəllimin də TUDİFAK-da pedaqoji fəaliyyətə başladığını vurğulayıb. Rektor UNEC-in beynəlxalq əlaqələri və iki diplomlarındanda söz açıb. UNEC-də Avropanın aparıcı universitetləri ilə bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının reallaşdırıldığını bildirən Ə.Muradov Türkiyə universitetləri ilə də bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlı olduğu vurğulayıb. Rektor gələcəkdə TUDİFAK bazasında türk dünyası üçün iqtisadçı kadrlar yetişdirən universitetin yaradılmasının UNEC-instrateji hədəfləri sırasında olduğunu deyib.

Hayati Beşirli Azərbaycanın ən böyük iqtisadyönümlü universitetində çalışacağından məmnunluğunu ifadə edərək, türk dilində yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanması, universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, tədrisin keyfiyyətinin daha da artırılması istiqamətində yeni nailiyyətlərə imza atılacağına əmiliyini ifadə edib.

Görüşdə TUDİFAK-da Türkiyə universitetləri ilə əlaqələrin genişləndirilməsi, türk dilində dərsliklərin alınması və digər mövzularda fikir mübadiləsi aparılıb.

Sonda Ə.Muradov Hayati Beşirliyə UNEC-də yeni dekanlıq fəaliyyətində uğurlar arzulayıb.

Hayati Beşirli haqqında: Hayati Beşirli Hacettepe Universitetinin sosiologiya ixtisasını bakalavr üzrə bitirib. 1998-ci ildə həmin universitetdən sosiologiya ixtisası üzrə magistratura, 2003-cü ildə isə doktorantura dərəcəsi üzrə məzun olub. H.Beşirli Hacettepe, Sakarya, Qazi və Manas universitetlərində pedaqoji fəaliyyətlə məşğul olub, kafedra müdiri, Magistratura və Doktorantura mərkəzinin direktoru vəzifələrində çalışıb. Türkiyədə və xaricdə türkoloji, sosial elmlər, mədəniyyətlərarası qarşılıqlı əlaqələr, qloballaşma, regional inteqrasiya və digər mövzulara həsr olunan beynəlxalq konfranslarda çıxış edib. Türkiyənin nüfuzlu dərgilərində çoxsaylı elmi məqalələri dərc olunub. Hayati Beşirli müəllifi olduğu “Türk Cumhuriyetleri Öğrencilerinin Türk Dünyasına Bakışları” kitabına görə Türk Dünyası Yazarlar ve Sənətçilər Vəqfinin (TÜRKSAV) mükafatını qazanıb. Ankara Hacı Bayram Veli universitetində professor olub.