Azərbaycanlı alim Rusiyanın “Akademik” Elmi-nəşriyyat Mərkəzinə rəyçi seçilib

11 Fevral 2019 16:35 (UTC+04:00)

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova Rusiyanın “Akademik” Elmi-nəşriyyat Mərkəzi və “İvanov Manacment Group” Elm-təhsil holdinqinə rəyçi seçilib. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, elmi nəşrlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində məhsuldar iş aparan hər iki müəssisənin Rəyasət heyəti tərəfindən 221 nəfər arasından seçilən 23 namizəddən biri olan Fizzə Məmmədova son 5 ildə Rusiyanın nüfuzlu elmi jurnallarında dərc olunan məqalələrinin səviyyəsinə, aktuallığına və üzvi olduğu Beynəlxalq Birləşmiş Elmlər Akademiyasının təqdimatına görə sözügedən qurumlara rəyçi seçilib.

Dünyanın elmi-nəşriyyat xidmətləri sırasında aparıcı yer tutan bu akademik qurumlarda il ərzində yüzlərlə elmi konfranslar keçirilir, çoxsaylı elmi jurnallar dərc edilir, məsafəli elmi baza, onlayn kurslar və elektron kitabxanalar fəaliyyət göstərir.

Qeyd edək ki, hüquqi rəyçi statusu ilə yanaşı, azərbaycanlı alimin elmi məqalələri və kitabları həmin nəşriyyatlarda güzəştli şərtlərlə dərc olunacaq və “Science Public Library” elektron kitabxanasında sərgilənəcək.