Dərs yükünün uşaq psixologiyasına təsiri? RƏY-ÖZƏL

11 Fevral 2019 15:14 (UTC+04:00)

“Hər bir insanın beyninin tutumu var. Bugünkü uşaqlar daha çox praktik cəhətdən öyrənməyi sevirlər. Lakin bizdə köhnə metodika ilə dərs keçən, uşaqlara əzbərçiliyi öyrədən müəllim var ki, onların verdiyi təhsil bilikyönümlü olduğu üçün bu uşaqları yorur”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Psixologiya və Psixoterapeya Assosiasiyasının layihə rəhbəri, psixoloq Nurlana İsmayılova deyib.

O bildirib ki, əslində dərs yükü ağır olmur, sadəcə dərs yükünü düzgün çatdırmayan müəllimlər var: “Hazırkı dövrdə uşaqların hər biri intellektual cəhətdən yüksək səviyyədə inkişaf etmiş olduğundan onlar dərsləri yeni metodlar, son texnologiyaya uyğun şəkildə öyrənməyi sevirlər. Əgər təhsil verən müəllim, pedaqoq dərsi uşağın tələbatına, marağına uyğun formalaşdıra bilmirsə, o zaman bu, uşaqlar üçün ağır dərs yükünə bərabər olur. Amma müəllimlərin verdiyi təhsil inkişafyönümlü, uşaqlarına marağı ilə üst-üstə düşdükdə o zaman şagirdlər dərsə daha maraqla yanaşırlar”.

Psixoloq söyləyib ki, hər bir uşağın özünün inkişaf tempi var: “Məktəbəqədər yaş dövründə bütün uşaqlar üçün aparıcı fəaliyyət növü onların müxtəlif oyunlar oynaması olur. Oyun onlar üçün dünyanı dərk etmə, yeni bacarıqlar əldə etmək vasitəsidir. Buna görə də məktəbə yeni gedən uşaqlara müəllimlər tərəfindən güzəştlər edilməlidir. Bu, uşaqların təlim yaşına tam hazır olduğu dövrə qədər davam etməlidir. Uşaqların təlim fəaliyyətinə tam şəkildə hazır olması müxtəlif ola bilir. Müəllimlər hər bir uşağın inkişaf səviyyəsini nəzərə almalıdır”.

N.İsmayılova qeyd edib ki, bəzi müəllimlər təhsil metodikasını düzgün anlamadıqları üçün uşaqlara da yanlış tətbiq edərək yükü onların üzərinə atmağa çalışır.