"Fransının olmayan qətliamı "anmağ"a mənəvi haqqı yoxdur" ŞƏRH-ÖZƏL

11 Fevral 2019 13:12 (UTC+04:00)

“Emmanuel Makronun Fransada 24 aprel tarixini qondarma "erməni soyqırımı" ilə bağlı anım günü elan etmək istəyi onun avantürist olması ilə bağlıdır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, ümumiyyətlə Makron prezident seçildikdən sonra İspaniyada aləm bir-birinə dəyib, Avropa Birliyində liderlik uğrunda Almaniyaya ciddi mədaxilə gedir, üstəlik bir sıra daxili məsələlərdə anti-xalq mövqe tutmaqdadır.

Onun sözlərinə görə, Makron keçmişdən ibrət dərsi alanlara bənzəmir: “ Çünki, 2001-ci ildə Fransa parlamenti qondarma erməni soyqırımı haqqında qərar qəbul etdikdən sonra, 2005-ci ildə də soyqırımı tənqid edənlər haqqında cəza tədbirləri ilə bağlı daha bir qərar qəbul etdi. Fransa Konstitusiya Məhkəməsi soyqırımına görə tənqid məsələsini müzakirə edərək ləğv etdi. Hazırda Fransada soyqırımın tanınması ilə bağlı qanun qüvvədədir. Bundan əlavə Makronun daha irəli gələrək, millətlər və dövlətlər arası münasibətləri korlayan, hətta qarşıdurmalara gətirib çıxaracaq anti-multikultural addım atması sözün əsil mənasında avantürizm əlamətidir”.

Q. Hüseynli söyləyib ki, Fransa ermənilərə xüsusi münasibət bəsləyən, səbəbin olub- olmamasından asılı olmayaraq, ermənilərə hər addımda müdafiə edən dövlətdir: “ Amma Makron öz sələflərindən uzağa gedərək, qondarma soyqırımın Fransada “anım günü” kimi qeyd edilməsinə qərar verməsi, həddindən artıq təxribatçı hərəkətdir. Bu ən azından Türkiyə və Azərbaycan üçün saymamazlıq və anti türk mövqelərinin təzahürüdür”.

Politoloq vurğulayıb ki, əslində Fransa öz keçmişinə nəzər yetirsə yaxşı olar: “Çünki Fransa özünün müstəmləkəsi olan ölkələrdə çox böyük qətliamlar törədən, soyqırımı adlandırıla biləcək addımlar atan bir qəsbkar ölkədir. Vaxtilə Tunis, Əl-Cəzair, Liviya Fransanın müstəmləkəsi olub. 1961-ci ildə Əl-Cəzairdə xalq milli azadlıq mübarizəsinə qalxdı və bu mübarizə 1962-ci ilə qədər davam etdi. Bu illər ərzində Fransa ayağa qalxan xalqa qarşı ciddi despotik cəza əməliyyatlarına başladı. Həmin əməliyyatlarda Fransa böyük qırğınlara yol verir. O zaman Sovet mətbuatı bu qırğınları həvəslə işıqlandıraraq, baş verənləri soyqırımı adlandırırdı. Təxminə 2 ilə yaxın müddətdə Fransa ordusu Əl- Cəzairdə çox ərəbi öldürdü. İsrail bununla bağlı hətta qərar qəbul etsə də, təəssüf ki, dünyaya tanıda bilmir. Özü qətliamçı olan bir ölkə başqalarında olmayan qətliamı axtarmağa mənəvi haqqı yoxdur. Çünki Makronun dədələri Şimali Afrikadan tutmuş, Şimali Amerikaya qədər böyük ərazidə aborigenlərə qarşı böyük qırğınlar törədiblər. Orada da 100 minlərlə insan Fransa ordusunun qətliamına məruz qalıb”.