"Bəşər Əsəd indiki Rusiyanı SSRİ-dən daha güclü hesab edir" ÖZƏL-ŞƏRH

11 Fevral 2019 12:39 (UTC+04:00)

“Rusiya-ABŞ münasibətləri müasir geosiyasətin dinamik-gərgin münasibətləri olmaqda qalmaqdadır”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədri deyib ki, casusluğa görə ABŞ vətəndaşını həbs edən Rusiya istədiyinə nail olmaq üzrədir: “ABŞ-da həbs olunmuş Rusiya vətəndaşı M.Butinaya Rusiya diplomatlarının baş çəkməsinə icazə verildi. Butina ümumi rejimli həbsxanaya keçirildi. Mətbuat bu və digər formada ABŞ-da həbs olunan Rusiya vətəndaşları ilə Rusiyada həbs olunan ABŞ vətəndaşlarının mübadiləsi məsələsini aktuallaşdırır. Suriyada gedən proseslərdə ABŞ və Rusiya münasibətlərində yeni dinamizmin xarakteristikası ABŞ qoşunlarının Suriyadan çıxması ilə bağlıdır. ABŞ hərbi ekspertlərinin fikrincə, qoşunlarını çıxarmaq məsələsində ABŞ Suriyada Rusiyanı aldatdı. ABŞ qoşunları Suriyadan çıxdıqdan sonra regionda balans dəyişəcək və Rusiya öz müttəfiqləri ilə dalaşacaqdır. İstefada olan polkovnik Duqlas Makqreqorun proqnozu özünü doğrultdu. Ayın sonlarına yaxın Suriya ordusunda İranpərəst və Rusiyapərəst qüvvələr arasında hərbi toqquşmaların olduğu barədə məlumatlar yayıldı.

Suriya prezidenti B.Əsəd ruhən indiki Rusiyanı SSRİ-dən daha güclü hesab edir. Amma bu hələ B.Əsədə İran qarşısında Rusiyanı tam dəstəkləməyə əsas yaratmır. B.Əsədin ordusunda İranpərəst qüvvələrin komandanı Mahiri əl-Əsəd B.Əsədin qardaşıdır. İranın Suriyada qalmasının ən əsas formulu Dəməşqin İranın Suriyada qalmaq xahişidir. Rəsmi Tehranın fikrincə, Suriya bu xahişini geri çəkən kimi İran da öz qoşunlarını çıxaracaq. Yəni faktiki belə alınır ki, B.Əsəd V.Putinlə birlikdə İrana yox demək planı və qrafiki hazırlaya bilərlər. Amma B.Əsəd nədənsə bu addımı atmır. Ola bilər B.Əsəd bir-birini tarazlayan iki zidd qüvvə əsasında öz hakimiyyətini quracağına daha çox inanır və yaxud da ola bilər B.Əsəd Rusiyanın İsrail və Qərblə əlaqələrinə görə ona, Rusiyaya inanmır.

ABŞ-Rusiya münasibətlərində ən gərgin mövzulardan biri Venesueladır. ABŞ Venesuela parlamentinin spikeri, müxalifətin lideri Quaydonu prezident elan etdi. RF prezidenti V.Putin Venesuela prezidenti Nikolos Maduroya telefonla zəng etdi. Yayılan məlumata görə Maduro hələ Putindən hərbi kömək istəməyib.

ABŞ rəsmi şəkildə Rusiyanı Orta və Yaxın mənzilli raketlərin məhdudlaşdırılması müqaviləsindən çıxması barədə məlumatlandırdı.

Brüsseldə Rusiya-NATO şurasının uzunmüddətli fasilədən sonra iclası keçirildi. NATO tərəfini baş katib Y.Stoltenberq, Rusiya tərəfini isə Xİ nazirinin müavini Sergey Ryabkov təmsil etdilər. Şuranın iclasından sonra Stoltenberq ABŞ-a səfər edəcəyini bildirdi. Səfər ərəfəsində Orta və Yaxın mənzilli raket müqaviləsinin ləğvindən sonra yaranmış hərbi vəziyyətə NATO-nun müdaxilə edə biləcəyi bəyanatını verdi.

ABŞ Rusiyanı “ulduz müharibələrini” başlamaqdan çəkindirməyə çağırdı. Bu, ABŞ-la RF arasında gərginliyin gələcəkdə yeni mərhələyə keçəcəyinin əlamətidir.

Moskvada “Pridnestrovye” fondu qeydiyyatdan keçdi. Fondun rəsmi məqsədi Dnestryanı bölgə ilə sosial, iqtisadi, mədəni əlaqələrin qurulmasına və kontaktların dəstəklənməsinə köməkdir. Bu fond qeydiyyatdan keçdikdən sonra RF baş nazirinin müavini, RF prezidentinin Moldova ilə ticari-iqtisadi əlaqələr üzrə müavini V.Kozak tanınmamış Dnestryanı bölgənin lideri Vadim Krasnoselskini qəbul etdi və bu fondun yaranması səbəblərini müzakirə etdi”.