"Maaşların artırılması iqtisadiyyatımızın güclənməsinin birbaşa nəticəsidir" AÇIQLAMA-ÖZƏL

11 Fevral 2019 11:31 (UTC+04:00)

"Azərbaycanda sosial siyasətin fasiləsiz və davamlı şəkildə həyata keçirilməsi Prezidentlə cəmiyyətimiz arasında inam və etimad mühitini formalaşdıran ən təsirli faktordur. Hakimiyyətlə xalq arasında anlaşma və etimad məsələsində Azərbaycanın hətta inkişaf etmiş ölkələrin reytinqlərində ən yüksək pillələri tutması məhz sosial siyasətin dəqiqliyi və əhatəli olması hesabına əldə edilmiş nəticədir". Bu fikirləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, dünyada çox az ölkə tapılar ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə oluna bilsin.

Onun sözlərinə görə, əməkhaqqı, pensiya və təqaüdlərin artan istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, səhiyyə, təhsil sisteminin daim təkmilləşdirilməsi, məktəb və xəstəxanaların tikintisi, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım və pensiya sisteminin təkmilləşdirilməsi və sair Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir: "Ölkədə təkcə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 15 ildə bir neçə dəfə artırıldığını nəzərə alsaq, necə böyük işlərin görüldüyünə əmin olmaq olar. Azərbaycanda minimum aylıq əməkhaqqının 180 manata qaldırılması da sosial sahənin daim dövlət siyasətinin mərkəzində dayandığını göstərir".

A. Quliyev qeyd edib ki, minimum əməkhaqqı insanların rifahını qorumaq üçün ən təsirli sosial institutlardan biridir, çünki minimum əməkhaqqının səviyyəsi dövlət və özəl sektorda yüz minlərlə işçinin maaşını yaşam tələbləri səviyyəsində saxlamağa imkan verir: "Minimum aylıq əməkhaqqının artırılması ilə ümumən əməkhaqlarının dövlət və özəl sektor üzrə 25-30 faizədək artmasının təmin ediləcəyi artıq rəsmən elan olunub. Əməkhaqları sisteminin daim idarə edilməsi dövlətimizin başçısının ölkədə həm də humanizm və ədalət kimi dəyərlərin müdafiəsinə yönəlmiş siyasətinin təzahür forması kimi qəbul oluna bilər. Maaşların artırılması həm də iqtisadiyyatın hər ötən dövrdə güclənməsinin birbaşa nəticəsidir. Ölkə rəhbəri güclü iqtisadiyyat üzərində ölkənin güclü təhlükəsizlik sistemi və əhalinin yüksək rifah modelini çox uğurla tətbiq etdiyini sonuncu sərəncamla bir daha nümayiş etdirdi. Əməkhaqlarının artırılması eyni zamanda Prezident İlham Əliyevin başlatdığı struktur islahatlarının sosial sferada özünü göstərən müsbət təzahürlərindən biri kimi qəbul olunmalıdır. Struktur islahatları gücləndikcə isə iqtisadiyyatımız daha da səmərəli olacaq".