“Hökumət proqramında “niyə” və “necə” suallarına cavablar yoxdur” Erməni KİV-ləri

11 Fevral 2019 11:09 (UTC+04:00)

“Ermənistanda həqiqətən də qeyri-adi vəziyyət yaranıb, belə ki, hökumət proqramı hökumət strukturu olmadan müzakirələrə çıxarılır”. SİA xəbər verir ki, bu barədə Ermənistanın 1in saytının analitik bölməsində yazılıb.

Qeyd olunur ki, məntiqə görə, əvvəlcə kabinetin strukturu təsdiq olunmalı, məhz bundan sonra kadr və proqram yanaşmaları işlənməlidir. “Başqa tərəfdən, bu proqram konkretlikdən tamamilə uzaqdır və daha çox özündə xoşməramlı arzular toplusunu nümayiş etdirir”, deyə vurğulanan yazıda bildirilir ki, hökumət proqramında “niyə” və “necə” suallarına cavablar da yoxdur.

“Bəlli deyil ki, yoxsulluğun, işsizliyin aradan qaldırılması istiqamətində hansı addımlar atılacaq ki, fəlakət zonasından uzaqlaşma əldə edilsin”

Maraqlısı isə budur ki, erməni saytı Nikol Paşinyanın proqramının Serj Sarkisyan hakimiyyətinin baş naziri olmuş Karen Karapetyanın proqramına bənzədiyini yazır, eləcə də çoxsaylı abstrakt komponentlərin olduğunu qeyd edir: “59 səhifəlik proqramda praktiki olaraq, makroiqtisadi hədəf göstəriciləri yoxdur, habelə ölçü göstəriciləri də mövcud deyil ki, gələcəkdə verilən vədlərin yerinə yetirilib-yetirilmədiyi bilinsin. Misal üçün, bəlli deyil ki, immiqrasiya ilə bağlı hansı mexanizimlər tətbiq olunacaq, yaxud yoxsulluğun, işsizliyin aradan qaldırılması istiqamətində hansı addımlar atılacaq ki, fəlakət zonasından uzaqlaşma əldə edilsin”.

“Biz, hələ hökumət proqramında seçki və siyasi sistem islahatları ilə bağlı qeydlərin olmamasını demirik”

Daha bir maraqlı fikir makroiqtisadi göstərici ilə bağlıdır. “Yeganə vəd edilən isə, makroiqtisadi göstəricinin minimum 5% təmin olunmasıdır ki, bu da inqilabi göstərici ola bilməz. Belə ki, Karen Karapetyanın kabineti 2017-ci ildə iqtisadi aktivliyi 7% təmin etmişdi”, yazıda bildirilir.

“Biz, hələ hökumət proqramında seçki və siyasi sistem islahatları ilə bağlı qeydlərin olmamasını demirik”, bildirilən təhlil yazıda keçid dövründə məhkəmə orqanlarının formalaşdırılması barədə də heç nəyin olmadığı bildirilir və qeyd olunur ki, inqilab kontekstində bütün bunlar ən azından təəccüb doğurur: “Qısası, bu proqram iqtisadi inqilab deyil, ən yaxşı halda, inqilabın nəticələrinin redaktəsidir”.

Beləliklə, Nikol Paşinyanın “siyasi inqilab” mövzusundan “iqtisadi inqilab”a keçid alması ilə bağlı əlaqələndirdiyi 5 illik hökumət proqramı erməni ictimaiyyəti və KİV-ləri tərəfindən çoxsaylı tənqidlərə, iradlara məruz qalmaqda davam edir. Bu, həm də Nikol Paşinyanın siyasi naşılığının, o cümlədən ölkəni növbəti uğursuzluqlara doğru aparmasının eyhamı kimi də qiymətləndirilə bilər.

Rövşən NURƏDDİNOĞLU