Naxçıvanın muxtariyyət dövründə mədəniyyət sahəsi də inkişaf edib

9 Fevral 2019 17:35 (UTC+04:00)

Naxçıvanın muxtariyyət qazanması onun təhlükəsizliyinin təmin olunması ilə yanaşı, bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində də uğurların əldə edilməsinə yol açıb. Xəbər verilir ki, bu fikir Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş tədbirdə səsləndirilib.

Muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə muxtar respublikanın 95 illiyinə həsr olunmuş Tədbirlər Planı təsdiq edilib. Bununla bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Muxtariyyət tarixindən, qədim diyarın son 20 ildən artıq bir dövrdə keçdiyi inkişaf yolundan danışan nazir vurğulayıb ki, həmin dövrdə maddi-mədəni irsimizə, milli dəyərlərimizə də hərtərəfli dövlət qayğısı göstərilib. Belə ki, muxtar respublikada 1200-dən çox tarixi abidə pasportlaşdırılıb, 70-dən artıq dünya əhəmiyyətli abidə bərpa olunub. Bu illər ərzində 15-dən çox muzey yaradılıb, yeni uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, yüzlərlə digər mədəniyyət müəssisələri istifadəyə verilib. Bütün bunlar xalqımızın tarixinə, mədəniyyətinə, milli dəyərlərə, gənc nəslin sabahına göstərilən diqqət və qayğının bariz ifadəsidir.

“Bu gün qədim diyarımızda tarixi-mədəni irsin qorunub saxlanılması sahəsində görülən işlər öz bəhrəsini verir. Ötən il Naxçıvanda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” tədbirlərinin uğurla keçirilməsi, “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqslərini UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi hamımızda iftixar hissi doğurur”, - deyən Natəvan Qədimova bildirib ki, Naxçıvanın hərtərəfli inkişafı müstəqillik dövrünün əsl dövlətçilik salnaməsidir.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti olub. Konsertdə Azərbaycanı, o cümlədən Naxçıvanı tərənnüm edən mahnılar alqışlarla qarşılanıb. Orkestrin ifasında dünya bəstəkarlarının əsərləri də ifa edilib, xor kollektivinin çıxışı olub.

Konsert böyük bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi”nin sədaları altında rəqs kollektivinin ifası ilə başa çatıb.