Düyünlər haçalandıqca...

7 Fevral 2019 16:31 (UTC+04:00)

25 ildir ki, AXCP sədri Əli Kərimlinin xəyanətləri davam edir. Hər ötən gün də bu siyahıya yeni xəyanətlər əlavə olunur. Son 20-25 illik siyasi tarixinə nəzər yetirmək kifayətdir ki, Ə.Kərimlinin xəyanətlərinə şahid olasan. Naturasında xəyanət olan Ə.Kərimli üçün satqınlıq etmək adi bir şeydir. Məhz bunun nəticəsidir ki, ağlı başında və əqidəsi bütöv olan heç kim satqınları sevməyib. Satqınlara yalnız satqınlar dəstək veriblər ki, bu da "taylı tayını tapar" məsəlinin hər zaman özünü doğrultmasından irəli gəlir.

Elə AXCP ilə Müsavat arasında baş verən ziddiyyətləri və qarşıdurmaları görürək. Əslində, bu cür savaşların kökündə ən əsas məsələ kimi "ana"-"ata", sonra da "müxalifətin lideri" olmaq iddiası durur. "Ana"-"ata" axtarışı ilə hələ də atasız və anasız qalan AXCP-Müsavat "birləşmiş müxalifət"in 19 yanvarda keçirdiyi mitinqindən sonra AXCP sədrinin "mənəm-mənəmliyi" yaman yüksəlib. Neçə illərdir ki, "ana" - "ata" axtarışına çıxan Əli-İsa davası da elə buna görədir. Bildirirlər ki, bu məsələ həll olunsa düşərgədə bir adama tabeçilik hökm sürər. Yəni bu, sirr deyil. Hər dəfə də ortaya daha bir ifşa nüansları çıxır ki, bunu da ictimaiyyətə qarşı tərəflər bəyan edir.
Məsələn, xatırlatmaq olar ki, hələ ötən aylarda keçirilən və demək olar ki, heç bir uğurlu nəticə əldə edilməyən mitinqlər zamanı həm AXCP, həm də Müsavat sosial şəbəkə və mətbuatda ən sərt suçlamalara getdilər. Hələ o vaxt Müsavat AXCP-"Milli Şura" ikiliyi ilə birgə mitinq keçirmək təklifi vermişdi. Ancaq Müsavat başqanı A.Hacılının və partiyadaxili klanının bu çıxışdan sonra cəbhəçilər daş atıb başlarını tutdular ki, onların növbəti mitinq keçirmək planları yoxdur, ona görə də, müsavatçıların təklifi heç bir rol oynamır. Hətta AXCP sədri Ə.Kərimli "Milli Şura"nın üzvləri ilə birgə mitinq keçirmək qərarı vermədiklərini iddia ediblər. Halbuki onlar "növbəti mitinq" vaxtını da təyin etmişdilər. Ona görə də, «kərimovçu»ların bu cür davranışları Müsavat cameəsində susqunluqla qarşılanmadı və onlar da, əlbəttə ki, ittihamlarını irəli sürdülər. Yəni qərara gəldilər ki, "Milli Şura" Müsavata görə mitinq qərarını dəyişib. Beləliklə, bu cür bənzər ittihamlar 25 ildən artıqdır ki, bir-birinə calanır və əsası, hətta AXC-Müsavat iqtidarına söykənir.
Elə bu arada Elbəyi Həsənlinin dediyi fikirlər yadıma düşdü: "Bir daha əmin oldum ki, məhz Ə.Kərimli başda olmaqla, "Milli Şura" və AXCP, müxalifətin bir araya gəlməsinə imkan vermədi. Soruşmaq ayıb olmasın, sən kimsən ki, "mənəm-mənəm" deyirsən? Artıq sənin kimliyin, hansı deşiklərə girdiyin, hansı cinayətləri etdiyini də məhkəmə zamanı şahidlərin dilindən eşitdik. İndi bəlkə susasan?!"
Necə susa bilər? Ancaq qanun səni susduracaq və bu gün baş verənlər sənin missiyanın tam iflası deməkdir, Ə.Kərimli. Niyə sən xalqa üz tutub demirsən ki, bu-mən Ə.Kərimliyəm ki, müxalifətin bir araya gəlməsinə, dağılmasına imkan vermədim. Çünki keçmişin, bu günün, əxlaqın, mənəviyyatın, bütünlüklə, həyatın ləkəlidir. Bəli, xalq bütün həqiqəəti bilir. Sadəcə, sən Ə.Kərimli bu etirafı cürət edib dilə gətirmək adamlığın yoxdur. Bu baxımdan da, AXCP və Müsavat partiyalarının tam istəklə, qətiyyətlə xalqın maraqlarına işləmələri barədə deyilən pafoslu sözlər artıq məzarlığa gömülmüş və çürümüş ifadələrdir. İntriqantçılıq və qarşıdurmalar hər iki təşkilatın real olaraq axrına çıxıb. Bircə o qalır ki, həmin etirafı kişi kimi deyə biləsən, bunu da nə AXCP-dən, nə də Müsavatdan gözləməyə dəyməz.

RƏFİQƏ